" "Dağlıq Qarabağ"statusu Ermənistan tərəfi üçün problem olaraq qalır"-AKTUAL

“Erməni tərəfi vəziyyətin nə yerdə olduğunu, başqa alternativlərin mövcudluğunu öyrənmək üçün bir neçə dəfə həmlələr etdi. Amma anladı ki, seçim qalmayıb, münasibətləri bərpa etməkdən başqa yol yoxdur”.  

Bunu “Sherg.az”a açıqlamasında Dövlət İdarəçilik Akademiyasının Politoloqlar Klubunun sədri Elman Vəliyev deyib. 



Analitik qeyd edib ki, baş nazir Nikol Paşinyan Türkiyə ilə münasibətləri nizamlamağın mümkün olduğunu deyir. Türkiyə tərəfi də buna müsbət cavab verir: 

“Azərbaycan-Türkiyə əlaqələri daha da güclənir. Laçın təlimi aşkar bir mesajidi. Türkiyə demək istədi ki, artıq burdayıq. Rusiya tərəfi də bölgədə öz seqmentini stabil saxlamağın getdikcə çətinləşdiyinin fərqindədir. ATƏT-in Minsk qrupunun bölgədə mövcud olmaq niyyəti, Türkiyənin daha da irəliləməsi, Rusiya sülhməramlılarının mandatının rəsmi Bakı tərəfindən ratifikasiya edilməməsi Rusiya üçün narahatlıq yaradır. Paşinyan Azərbaycanla da münasibətləri qura biləcəyini dilə gətirdi. Delimitasiya və demarkasiya proseslərinin həll edilə biləcəyini bildirir. Hesab edirəm ki, Paşinyan bu delimitasiyanı "Dağlıq Qarabağ" ətrafındakı rayonlarla, Qazağın kəndləri ilə həll edilə biləcəyini nəzərdə tutur. "Dağlıq Qarabağ"statusu Ermənistan tərəfi üçün problem olaraq qalır. Yəni delimitasiya və demarkasiyada bu bölgəni nəzərdə tutmayırlar. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avqustun axırında Moskvada həmkarı Sergey Lavrov ilə görüşəndə "Artsaxın" müqəddəratı barədə mesaj verdi. Moskvada bunu dilə gətirmək mühüm məsələdir. Yəni Mirzoyan demək istədi ki, Rusiya da bilsin və bizə dəstək olsun. Ancaq Azərbaycan tərəfi öz mövqeyində qətiyyət göstərməlidir. 
Delimitasiyanı Xankəndisiz həll etmək bizim üçün mümkün deyil”.

Ekspert vurğulayıb ki, Azərbaycan tərəfi Ermənistanın danışıqlarda müsbət yanaşmasına adekvat cavab verəcək: 

“Ermənistan tərəfi delimitasiyada özlərinin təkliflərini də irəli sürəcək. Türkiyə ilə avtomobil və dəmir yol nəqliyyatı əlaqələri müzakirə ediləcək. Münaqişə tərəfləri arasında irihəcimli müharibə gözləmək olmaz. Ancaq lazımlı zamanda güc amillərindən istifadə ediləcək. Moskvanın vasitəçiliyi ilə 3 tərəfli danışıqlar masası yenidən qurula bilər. Gürcüstan vasitəsilə də münaqişə tərəfləri arasında dialoqlar mümkün ola bilər. Proseslərin Azərbaycanın leyhinə gedəcəyini söyləyə bilərik!”.