929 müraciət daxil olub

Yerli sahibkarlar Qarabağda biznes qurmağa daha çox can atır

"Bərpa və yenidənqurmadan sonrakı mərhələdə daha çox sərmayə qoyuluşları, iş yerlərinin yaradılması, Qarabağın ölkə itqisadiyyatına sürətli inteqrasiyası müşahidə olunacaq"

İşğaldan azad olunan ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan 929 müraciət daxil olub. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov deyib. Sədrin sözlərinə görə, 441 müraciət investisiya layihələri, 488-i isə iş və xidmətlərin təşkil edilməsi ilə bağlıdır. Müraciətlərin 27 faizi tikinti işlərini, 27 faizi ticarət və xidmət sahəsini, 20 faizi sənayeni, 18 faizi kənd təsərrüfatını və  8 faizi turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edir. 

Müraciətlər əsasən, Şuşa, Ağdam, Füzuli, Kəlbəcər və Cəbrayıl rayonları ilə bağlıdır. 485 müraciətçi isə Qarabağın istənilən ərazisində biznes qurmaqda maraqlı olduğunu bildirib. O.Məmmədov xarici investorlardan daxil olan müraciətlərdən də danışıb: “Ümumilikdə 31 ölkə üzrə 305 layihə daxil olub. Bunlardan Türkiyə, İran, Rusiya, İsrail və Qazaxıstandan olan müraciətlər say olaraq üstünlük təşkil edir. Hazırkı mərhələdə ümumi sayı 44 olmaqla təsdiq edilmiş investisiya layihələrinin həcmi 272 mln. manat təşkil edir. Artıq 568 yeni iş yeri yaradılaraq 33 layihənin icrasına başlanılıb, 11-nin isə icrası davam edir. 44 layihədən 42-si yerli investorların payına düşür”. 

Onu da qeyd edək ki, Qarabağ ərazisində sahibkarlıq subyektlərinə yeni güzəştlər hazırlanır. İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov deyib ki, bu güzəştlər əvvəl sadəcə vergiyə aid idisə, indi sosial sığortaya da aid olacaq: 

“Müəyyən subsidiyalar ola bilər. Sahibkarların hamısına elə bir şərait yaradılmalıdır ki, onlar orada işləməkdə maraqlı olsunlar”.

Yerli və xarici biznes strukturlarının Qarabağa xüsusi maraq göstərməsini “Şərq”ə dəyərləndirən millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, yerli və xarici investorların işğaldan azad edilmiş ərazilərimizə cəlb olunması prioritet məsələdir. Deputatın sözlərinə görə, investisiya qoyuluşları ilə bağlı müraciətlərin sayı göstərir ki, yerli investorlar Qarabağda daha fəal şəkildə biznes quruculuğunda iştirak etmək niyyətindədir: 

“İşğaldan azad edilmiş ərazilərə xarici investisiyaların cəlb edilməsi də mühüm hədəflərdən biridir. Xüsusən, hazırlanmaqda olan inkişaf konsepsiyası həm də xarici investisiyanın cəlb edilməsi üçün baza formalaşdıracaq. Yerli və xarici investorlar üçün bir sıra güzəştlərin tətbiq olunması nəzərdə tutulur. Bərpa və yenidənqurmadan sonrakı mərhələdə daha çox sərmayə qoyuluşları, iş yerlərinin yaradılması, Qarabağın ölkə itqisadiyyatına sürətli inteqrasiyası müşahidə olunacaq. Bu isə ondan xəbər verir ki, yerli və xarici investisiyalar hesabına daha qısa zamanda işğaldan azad edilmiş ərazilərə qayıdacağıq”.