Azərbaycan Qarabağda antiterror əməliyyatlarını ön planda saxlayır  - TƏHLİL

"Kremlin mövqeyinə dair versiyalar odur ki, Rusiya ya öhdəlikdən boyun qaçırır, ya da Azərbaycana pas atır ki, özü problemi həll etsin"

“Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərində qalan erməni separatçıların təmizlənməsi üçün antiterror əməliyyatlarını ön plana gətirir”.

Bu barədə “Sherg.az”a siyasi şərhçi Aqşin Kərimov deyib. 

Analitik bildirib ki, Azərbaycan tərəfi Rusiya sülhməramlıların kontrolunda olan ərazilərdə qalan erməni hərbçilərin niyə çıxarılmadığı məsələsini qaldırıb: 

“Rusiya tərəfi bildirib ki, 10 noyabr üçtərəfli bəyanatında Rusiya sülhməramlıları üzərinə erməni hərbçiləri çıxarmaq kimi öhdəlik qoyulmayıb. Bu, iddia kimi səslənmir, hökumətə yaxın mənbələrdən “Caliber”ə ötürülən məlumatlardır. Görünür ki, Azərbaycan tərəfi antiterror əməliyyatlarını ön planda saxlayır. Bakı-Moskva danışıqlarında separatçı məsələləri tez-tez qaldırılır. Kremlin mövqeyinə dair versiyalar odur ki, Rusiya ya öhdəlikdən boyun qaçırır, ya da Azərbaycana pas atır ki, özü problemi həll etsin. İkibaşlı mövqe ilə ərazilərdə qalmaq müddətini uzatmağa çalışır. Sonuncu versiya daha məntiqlidir. Çünki Azərbaycan ordusunda mütəmadi olaraq antiterror təlimlər keçirilir. Ancaq bu, hələ sülhməramlıların ərazilərdən çıxarılması anlamını vermir. Hərçənd, Kremlin əlində digər kart var. Bu da rus icmasının yaradılmasıdır. Antiterror əməliyyatları separatçıların başının əzilməsi üçün isə geniş kontingentin səfərbər edilməsinə ehtiyac yoxdur. Silahlı qüvvələrdə mövcud olan xüsusi təyinatlıların və komandoların koordinasiyalı fəaliyyəti ilə erməni quldurların məhv edilməsi elə də çox vaxt aparmaz”.