Çox işlər görülüb, amma daha böyük işlər qabaqdadır

“Böyük Qayıdış”dan sonra Qarabağda insanlarımızı elə bir həyat gözləyir ki, bütün çəkdiyi əziyyətlərini unudacaqlar

İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
 
Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının səmərəli şəkildə təşkil olunması hökumətin strateji hədəflərindən biridir. Torpaqlarımız düşmən işğalından azad ediləndən dərhal sonra Qarabağda sürətli bərpa-quruculuq işlərinə başlanılıb. Sistemli və genişmiqyaslı şəkildə həyata keçirilən tədbirlər nəticəsində qısa zaman ərzində kifayət qədər ciddi işlər görülüb. İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” Prezidentin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində də öz əksini tapıb. Nəzərə alaq ki, işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşma 4 mərhələdə aparılacaq.

Birinci mərhələdə minalardan təmizlənmə, dəymiş ziyanın qiymətləndirilməsi, ikinci mərhələ isə infrastrukturun formalaşdırılması, həmçinin kommunal xidmətlərə əlçatanlığın təmin edilməsi üçün xüsusi şəbəkənin yaradılmasıdır. Üçüncü mərhələ sosial və və inzibati binaların inşa edilməsi, sonuncu - dördüncü mərhələ vətəndaşlarımızın dədə-baba yurdlarına qayıtması və məskunlaşmasıdır. İlk qayıdış prosesi, artıq bəlli olduğu kimi, Zəngilandan başlanacaq. 

Rayonun 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərinin ərazilərində “ağıllı kənd”lərin inşası artıq tamamlanıb. Artıq Zəngilana ilk olaraq köçürüləcək əhalinin siyahısı da hazırdır. Bu insanlar doğma kəndlərinə qayıtdıqdan sonra “ağıllı kənd” layihəsi çərçivəsində onlardan bir qrupu üçün kiçik təsərrüfatlar yaradılacaq. Bunun üçün müvafiq dövlət qurumları tərəfindən zəruri addımlar atılır. Əlbəttə, Azərbaycan üçün əsas prioritetlərdən biri Zəngilanla yanaşı, azad olunan digər ərazilərə də insanların qayıdışını təmin etməkdir. Amma bu xüsusda ən ciddi problemlərdən biri həmin yerlərdə mina təhlükəsinin mövcudluğudur. İndiyə qədər ərazilərin müəyyən hissəsi təmizlənsə də, hələ də zərərsizləşdirilməmiş xeyli sayda mina qalmaqdadır. Bütün çətinliklərə rəğmən, 2022-ci il ərzində “Böyük Qayıdış” prosesinin başlayacağı vurğulanır. Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib ki, gələn il “Böyük Qayıdış”ın hazırlıq mərhələsinə keçiləcək.

 O bildirib ki, məcburi köçkünlərin qayıdışını təmin etmək üçün xüsusi İşçi Qrup fəaliyyət göstərir. Onlar Böyük Qayıdışın iqtisadi, sosial və hüquqi aspektlərini araşdırırlar. Növbəti il ərzində bu araşdırmalar uğurla yekunlaşacaq. Bizdə keçmiş məcburi köçkün statusu olan vətəndaşlarımızın siyahısı var. Onların içərisində hansı hissəsinin artıq dövlət tərəfindən evlə təmin olunduğu, hansının olunmadığı və müvəqqəti yaşayış yerlərində yaşadıqları barədə məlumatlar var. Hər bir rayon və şəhər üzrə Böyük Qayıdış prosesi başlayarkən bütün bunlar nəzərə alınacaq”. Prezidentin köməkçisi qeyd edib ki, azad olunmuş ərazilərlə bağlı xüsusi Dövlət Proqramı hazırlanır: “Həmin proqramın hazırlanması prosesi bu yaxınlarda yekunlaşacaq. Proqramda nəzərdə tutulan tədbirlər gələn il həyata keçirilməyə başlayacaq. İşğaldan azad edilmiş ərazilərdə sosial, iqtisadi infrastrukturun yaradılması istiqamətində başlanmış layihələr davam edəcək, iş yerləri yaradılacaq. Vətəndaşlarımız üçün yaşayış massivinin salınması, kənd təsərrüfatı və sənaye sahələrində iş yerlərinin yaradılması ilə bağlı iş adamları, investorlarla layihələr həyata keçiriləcək. Ənənəvi sahələrlə yanaşı, həm də yeni innovativ, rəqəmsal iqtisadi fəaliyyət sahələrində kiçik, orta biznes nümayəndələri, startaplar üçün şərait yaradılacaq. İnsanlar qayıdandan sonra öz iqtisadi fəaliyyətlərini qurmaları və iş yerləri ilə təmin olunmaları üçün işlər davam etdiriləcək”.

İşğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın başlanması ilə bağlı “Şərq”ə danışan millət vəkili Cavid Osmanov bildirib ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı düşməndən təmizlədi və ərazi bütövlüyümüzü bərpa etdi. Deputat vurğulayıb ki, müharibə bitəndən dərhal sonra Prezident İlham Əliyevin rəhbərliyi və birbaşa nəzarəti ilə işğaldan azad olunmuş ərazilərdə sürətli yenidənqurma və bərpa işlərinə başlanılıb: 

“İşğaldan azad olunmuş ərazilərdə görülən ilk iş təhlükəsizliyin təmin edilməsi, ərazilərin minalardan təmizlənməsi ilə bağlıdır. Araşdırmalara görə, torpaqlarımızda 1 milyondan çox mina basdırılıb. Nəzərə alsaq ki, Ermənistandan alınmış mina xəritələrinin üçdə ikisi həqiqətə uyğun deyil, bunun necə böyük təhlükə olduğunu anlaya bilərik. Kifayət qədər geniş ərazilərin qarış-qarış minalardan təmizlənməsi həm böyük maliyyə, həm də uzun vaxt tələb edir. Təhlükəsizlik baxımından digər addımlar da atılır. Rayonlarımızda yeni hərbi hissələrin açılmasının şahidi oluruq. Şübhəsiz, bütün bunlarla paralel quruculuq işləri aparılır, yeni infrastruktur qurulur. Şuşa, Ağdam və digər şəhərlərin baş planları da təsdiqlənib.
 Məskunlaşmadan öncə rayonların enerji təminatı həyata keçirilir, yeni stansiyalar tikilir. Avtomobil yolları çəkilir, beynəlxalq hava limanları tikilir, su təchizatı həyata keçirilir. Yəni insanların normal həyatı üçün nələr tələb olunursa, ilk növbədə onların yaradılmasına diqqət yetirilir. 30 il ərzində doğma yurd-yuvalarından didərgin salınmış 1 milyona yaxın insan əzab-əziyyət çəkiblər. Ona görə də “Böyük Qayıdış”dan sonra Qarabağda onları elə bir həyat qarşılamalıdır ki, illərlə çəkdikləri əziyyətin qarşılığını artıqlaması ilə alsınlar. Sadəcə, Zəngilanın Ağalı kəndləri deyil, digər rayonlarımızda da yaşayış massivləri salınır, tikinti işləri gedir. Əslində biz “Böyük Qayıdış”a 2021-ci ildən başlamışıq. Ərazilərimizdə aparılan işlər də Qayıdışın tərkib hissəsidir və birinci mərhələsidir. Cənab Prezident özü də qeyd edib ki, mümkün qədər tez zamanda insanlarımızı öz rayonlarında məskunlaşdırmaq üçün bütün zəruri addımlar atılacaq. Çox işlər görülüb, amma daha böyük işlər hələ qabaqdadır”.