"Kəlbəcər hadisəsi Paşinyanın KTMT-ni bölgəyə gətirmək istəyindən doğur"

Aqşin Kərimov: "Ceyhun Bayramovun hadisələr barədə xanım Donfridə məlumat verməsi bu fikri gücləndirir"

Kəlbəcər istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat və nəticədə bir əsgərimizin şəhid olmasına cavab olaraq Ordumuz sərt tədbirlərə əl atıb. Düşmənə verilən qarşılıq nəticəsində üç erməni hərbçi məhv edilib, 5 nəfər isə yaralanıb. Yanvarın 11-i axşam saatlarında sərhəddə sabitlik yaransa da, erməni tərəfi yenidən atəşkəsi pozub. Gecədən səhərədək müxtəlif iriçaplı silahlardan Kəlbəcər və Qazax istiqamətində bölmələrimiz atəşə tutulub. Ordumuz bu təxribatları da cavabsız qoymayıb və düşmənə ikiqat zərbə vurulub. Erməni mediasının yazdığına görə, səhər saatlarında sərhəddə sabitlik yalnız rus sülhməramlılarının müraciətindən sonra mümkün olub. Müdafiə Nazirliyindən bildirilib ki, Ermənistanın üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəliklərini pozaraq iki dövlətin sərhədi boyunca vəziyyəti gərginləşdirməsi məqsədyönlü hərbi təxribat və hərbi avantüradır. Lakin bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən qarşı tərəfə adekvat və mütənasib cavab verilib. Ordu sıralarında şəxsi heyət və hərbi texnika baxımdan itki olmayıb. 

Ombudsman Səbinə Əliyeva da Ermənistanın Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatla bağlı beynəlxalq təşkilatlara çağırış edib. O, Ermənistanın təxribatçı əməllərini kəskin şəkildə pisləyib. Beynəlxalq və regional təşkilatları, xarici ölkələrin Ombudsman və milli insan hüquqları təsisatlarını Ermənistanın regionda törətdiyi insan hüquqları pozuntularına münasibət bildirməyə və qəti tədbirlər görməyə çağırıb. 

Ermənistanın təxribatından sonra Xarici işlər naziri Ceyhun Bayramovla ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub. Dövlət Katibinin köməkçisi Ermənistanın Kəlbəcər istiqamətindəki təxribatı barədə məlumatlandırılıb. Nazir Ceyhun Bayramov bölgədə mövcud olan ən son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar barəsində danışıb. Nazir, Ermənistan tərəfinin iki dövlət sərhədində təxribatı davam etdirdiyini vurğulayıb.

Avropa İttifaqı da Azərbaycan-Ermənistan sərhədindəki gərginlikdən narahatlığını ifadə edib. Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar “Twitter” bildirib ki, tərəflər üçün gərginliyin azaldılması və mövcud mexanizmlərdən, xüsusən də 2021-ci ilin noyabrında Aİ-nin himayəsi altında yaradılmış Müdafiə Nazirlikləri arasında “qaynar xət”dən tam istifadə edilməsi vacibdir. Klaar vurğulayıb ki, Aİ tərəflərlə əməkdaşlığa hazırdır. Xüsusi nümayəndə Aİ-nin Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası və demarkasiyasına dair dəstəyini bir daha bəyan edib. 
Sərhəddə baş verən insidentlərlə bağlı “Şərq”ə danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Ermənistan Soçi bəyanatından və Brüssel danışıqlarından sonra növbəti dəfə cığallıq edərək atəşkəsi pozdu, geostrateji mövqedə yerləşən Kəlbəcərdəki Azərbaycan mövqeləri atəşə tutuldu. Analitik vurğulayıb ki, Ermənistanın 2022-ci ildə dövlət sərhədində ilk təxribatı yanvarın 8-nə təsadüf etdi: “İki məqamı göz önünə gətirsək, mövqelərimizə atılan mərmilərin izlərinin bizi siyasi motivlərə aparıb çıxardığını görəcəyik. Yanvarın 8-də Kəlbəcərdə Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan mövqelərini atəşə tutdu. Bu, Qazaxıstan hadisələri fonunda diqqət çəkdi. Ona görə ki, Ermənistan hələ müharibədən öncə dəfələrlə Rusiyanın iradəsi altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını münaqişəyə cəlb etmək istəyirdi, amma bütün bu cəhdlər boşa çıxdı. Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-da KTMT-nin Qazaxıstan hadisələrinə həsr olunmuş növbədənkənar iclasında həmin hərbi təşkilatın Qazaxıstandakı fəaliyyətinin çərçivəsini genişlədərək Qarabağ zonasına gəlişini arzulayan bəyanat səsləndirdi. Paşinyan tərəfindən arqumentə əsaslanmayan, həyasızlıq saçan tezislər bizi təəccübləndirmir, bu cür hallar ilk deyil. Qısası, Paşinyan çalışdı ki, Azərbaycanı KTMT-nin hədəf taxtasına gətirsin, ancaq bu dəfə də arzusu qursağında qaldı. Qeyd etdiyimiz xronoloji ardıcıllıq və Paşinyanın utanmadan təkrarladığı tezis Kəlbəcərdəki hadisənin məqsədli şəkildə baş verdiyini və özündə siyasi maraqlar ehtiva etdiyinin sübutudur. Yanvarın 8-də Ermənistan Azərbaycan mövqelərini AQS və digər iriçaplı silahlardan atəşə tutub. Bu isə onu göstərir ki, Azərbaycan tərəfinə daha çox itki vermək üçün iriçaplı silahların tətiyi çəkilib”. 

Ekspert xatırladıb ki, 2021-ci ilin dekabrın sonunda Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev Kəlbəcərə yollanmışdı. Görünür, ermənilər bu səfəri onlar üçün yeni ərazi itkisi kimi dəyərləndirib: 

“Amma bunu deməyə və hər hansı addım atmağa cəsarət tapmadıqları üçün Qazaxıstan hadisələrini fürsət biliblər. Ermənistanın başqa dövlətin iradəsinə arxayın olmadan təxribatın miqyasını genişləndirməsi mümkün deyil. Ən azından ona görə ki, bunun üçün Ermənistanda resurs yox dərəcəsindədir. KTMT-nin Qazaxıstana qüvvə yeritməsindən cuşa gələn Nikol Paşinyan Rusiyadan yardım diləyən addıma getdi, yanvarın 11-də Kəlbəcər istiqamətində atışmalar daha da şiddətləndi. İnsident nəticəsində Azərbaycan Ordusunun bir hərbçisi şəhid oldu, Ermənistana isə artıqlaması ilə cavab verildi. Ermənistan tərəfinin rəsmi açıqlamasına əsasən, 3 erməni hərbçi məhv edilib, 5-i yaralanıb. Ermənistanın itkiləri gizlətmək təcrübəsi olduğuna görə, bu itkilərin çox olduğunu söyləmək olar. Azərbaycanın hərbi mənbələri bildirir ki, Ermənistanın 8 hərbçisi məhv edilib və iki postu darmadağın edilib. Eyforiyaya qapılan Paşinyan indi zəhmət çəkib öz həyasızlığını ört-basdır edən tezislər üzərində fikirləşir”. 

A.Kərimova görə, məsələnin siyasi rənginə dair Azərbaycanın təmaslarında diqqət çəkən məqam yanvarın 11-dəki hadisədən dərhal sonra danışığı ABŞ tərəfi ilə aparmasıdır:

 “Azərbaycan-ABŞ siyasi trafikindəki “zəng diplomatiyası” bunun göstəricisidir ki, Bakı Paşinyanın KTMT-ni yeni coğrafiyaya gətirmək cəhdləri barədə Vaşinqtonu xəbərdar edib. Ceyhun Bayramovun Kəlbəcər istiqamətindəki hadisələr barədə xanım Donfridə məlumat verməsi bu fikri gücləndirir. Deməli, Azərbaycan tərəfində şübhələr çoxdur ki, Rusiya bu hadisələri öz xeyrinə çevirməyə çalışır və KTMT gücünü yeni zonada göstərmək istəyir. Ermənistanın bundan sonra da təxribatlara yol verəcəyi istisna oluna bilməz, amma bunun İrəvan üçün nəticələri daha ağır olacaq”.