Xankəndiyə qanunsuz səfərlərə şərait yaradılır

Rus sülhməramlılarının fəaliyyəti Bakını qane etmir

"Rusiya rəhbərliyi qırmızı xətti çoxdan keçib. Əgər Azərbaycan tərəfinin etirazları nəzərə alınmazsa, alternativ tədbirlər görmək zərurət olacaq"

“Digər qıcıq doğuran məsələ odur ki, biz görürük, Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir”. Bunu Prezident İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib. Dövlət başçısı qeyd edib ki, Rusiya sülhməramlıları çalışırlar giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər yaşansın. Ölkə rəhbərinin sözlərinə görə, daha çox insan oradan gedir: “Biz bunu izləyirik. Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, - bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, - yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. 

Yəni bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun. Yəni o maşını dayandırırlar, sorğu-suala tuturlar və sair. Yəni istəyirlər ki, insanlar oradan getməsinlər. Bu isə təsadüfən ola bilməz. Bu dərəcədə fərq ola bilməz”. Prezident diqqətə çatdırıb ki, müharibə dövründə oradan çıxmış əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıb və qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib: “Dəqiqləşdirilmiş məlumata görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan yaşayır”. 

Dövlət başçısının Rusiya sülhməramlı kontingenti ilə bağlı tənqidi fikirlərini “Şərq”ə dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, ümumiyyətlə, rus qoşunları “sülhməramlı” adı ilə torpaqlarımıza girdiyi ilk gündən etibarən cəmiyyətdə ciddi narazılıq var. QAT rəhbərinin sözlərinə görə, onsuz da rus “sülhməramlıların” Qarabağa soxulması xoş qarşılanmamışdı. Ancaq ötən müddət ərzində sərgilədikləri mövqe, atdıqları addımlar narazılığı daha da artırdı: 

“Rusiya hərbçilərinin ən mühüm vəzifələrindən biri Laçın dəhlizində gediş-gəlişə nəzarət etməkdir. Halbuki, buvaxtadək rusların nəzarətində olan Laçın dəhlizi vasitəsi ilə Xankəndinə saysız-hesabsız qanunsuz səfərlər edilib. Xankəndinə qanunsuz səfər edənlərin hamısı orada təxribatla məşğul olub, separatçılarla görüşüblər. İctimaiyyət arasında narazılıq artmaqdadır. Ölkə başçısı Rusiya “sülhməramlıları” ilə bağlı əhalinin ümumi əhval-ruhiyyəsini nümayiş etdirdi. Şübhəsiz, Prezident bu məsələdə ətraflı və dəqiq məlumata sahibdir. Dövlət başçısı narazılığını bu şəkildə ifadə edirsə və mətbuata danışırsa, deməli, problem həqiqətən ciddidir. Ola bilsin, rəsmi Bakı müxtəlif kanallarla Moskvaya narazılığını bildirir. Çünki Rusiya rəhbərliyi qırmızı xətti çoxdan keçib. Əgər Azərbaycan tərəfinin etirazları nəzərə alınmazsa, alternativ tədbirlər görmək zərurət olacaq”.