Bakı yaz aylarında  sərhədin demakrasiyasına start verilməsini planlaşdırır  -  ŞƏRH

“Prezident İlham Əliyevin müsahibəsi son geosiyasi proseslər, sərhəd döyüşləri fonunda, həm də müəyyən mesajların yenilənməsi baxımından əhəmiyyətlidir”.

Bunu “Sherg.az”a siyasi şərhçi Asif Nərimanlı deyib. 



 
Analitik bildirib ki, Prezidentin iqtisadi məsələlərdən danışarkən, epizodik toxunduğu iki məsələ müəyyən nəticələr çıxarmağa da imkan verir: 

“Birincisi, Azərbaycan-Ermənistan dövlət sərhədinin praktiki olaraq bərpa edilməsidir. Sərhədin Zəngilandan Laçına qədər olan hissəsinin bərpa edildiyi, əsas problemin davamlı toqquşmaların yaşandığı Kəlbəcər istiqamətində olduğu haqda məlumatlar var idi. Hərçənd, dövlət başçısı bildirdi ki, “biz bu sərhədlərə çıxmalıydıq, bu sərhədi qorumalıydıq və bu gün buna nail olmuşuq - sərhədboyu Arazdan Murov dağına qədər”. Bu o deməkdir ki, cənubdan Şimala qədər bütün istiqamətlərdə Ermənistanın işğal dövründə irəli çəkdiyi sərhəd xətti bərpa edilib. Bundan sonrakı mərhələ delimitasiya-demarkasiya işinin həyata keçirilməsidir. Delimitasiya-demarkasiya razılaşmasının icrası uzanarsa belə, Azərbaycan faktiki olaraq sərhədə çıxıb. Bakının əsas tələbi anklavlarla bağlıdır. XİN başçısı Ceyhun Bayramov da ötən ilin sonunda bildirdi ki, “anklavlar məsələsinin həlli delimitasiya prosesində baş verə bilər. Azərbaycanın yanaşması ondan ibarətdir ki, bu proses danışıqlar masasında aparılmalı, hərbçilər arasında hər hansı gərginlik yaradılmamalı, buna imkan verilməməlidir” və bununla İrəvana “məsələ masada həll edilməsə, sahədə həll ediləcək” mesajı verildi. İkincisi, Prezidentin Ağdərə ilə bağlı dedikləridir : 
- Azərbaycanda Ağdərə adlı rayon yoxdur, 1992-ci ildə rayonun ərazisi Tərtər, Ağdam və Kəlbəcər rayonlarına daxil edilib və ölkə rəhbəri İlham Əliyev də rayondan yox, Ağdərə ərazisini turizm mərkəzinə çevirməkdən, insanların ora qayıtmasını təmin etməkdən bəhs edir. Hesab etmək olar ki, burada keçmiş Ağdərə rayonunun hazırda Azərbaycan ordusunun nəzarəti altında olan əraziləri nəzərdə tutulur. Prezidentin “Ağdərə” adını xüsusi vurğulaması təsadüfə bənzəmir və burada sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə qayıdış mesajı yer alır. Həm də həmin ərazilərdə yaşayan ermənilərə “yaxşı həyat” mesajı verilir”. 

Ekspertə görə, müsahibənin siyasi hissəsində Prezident bir çox məsələyə açıq mətnlə toxundu: 

“Prezident sülh sazişinin imzalanması - sərhəd müəyyən edilməsi, qarşılıqlı  şəkild ərazi bütövlüyünün tanınması, kommunikasiyanın açılmasına start verilməsi  - təklifinin hələ də gündəmdə olduğunu bildirdi. Sonda əlavə etdi ki, “qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq”. Bu o deməkdir ki, Azərbaycan sülh sazişi üçün Ermənistandan altı ay müddətində cavab gözləyir. Altı ay müddətində ilkin olaraq sərhədin delimitasiya və demerkasiyası praktiki mərhələdə başlanmalıdır. Soçi razılaşmasına görə ikitərəfli komissiya yaradılmalıdır və istisna deyil ki, Bakı yaz aylarında – hava  şəraitinə  uyğun olaraq sərhədin demakrasiyasına start verilməsini planlaşdırır. Bu müddətdə Ermənistan tərəfindən gözlənilən cavab verilməsə, Bakı praktiki addımlar ata bilər. Bu addımların nədən ibarət ola biləcəyini Prezident açmır, lakin istisna deyil ki, Moskvanın təqdim etdiyi sərhəd xəritəsinə uyğun bərpa prosesinə start verilsin və burada əsas məsələ yenə anklavlar olacaq: məsələnin həlli hərbçilərin öhdəsinə buraxıla bilər”.