100 il sonra belə Ermənistan Türkiyəyə lazım olmayacaq

Ancaq indi Ankara ilə əməkdaşlıq İrəvana hava-su kimi lazımdır
"Türkiyə ilə sərhədlərin açılması və iqtisadi-siyasi əlaqələrin tam bərpası ermənilərin rifahını, yaşayışını dəfələrlə yüksəldəcək"

Yanvarın 14-də Moskvada Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı təyin olunmuş xüsusi nümayəndələrin ilk görüşü baş tutub. Rusiya XİN başçısının müavini Andrey Rudenkonun vasitəçiliyi ilə keçirilən görüşdə Türkiyəni Serdar Kılıç, Ermənistanı isə Ruben Rubinyan təmsil ediblər. Ermənistan XİN-dən verilən açıqlamaya görə, konstruktiv şəraitdə keçən ilk görüşdə xüsusi nümayəndələr Ermənistan-Türkiyə dialoqu vasitəsilə nizamlanma prosesi ilə bağlı ilkin fikirlərini bölüşüblər. Tərəflər ilkin şərt olmadan tam nizamlanma üçün danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Rusiya beynəlxalq məsələlər şurasının baş direktoru Andrey Kortunov bildirib ki, Moskva Ermənistanla Türkiyə arasında yaranmaqda olan əməkdaşlığı praktiki müstəviyə keçirmək üçün tərəflərə Cənubi Qafqazda logistika şəbəkəsinin inkişafı layihələrini təklif edə bilər. Onun qənaətincə, bu, yalnız Ermənistan və Türkiyəyə deyil, həm də Ankara ilə fəal ticarət aparan Rusiyanın cənub regionlarına fayda gətirəcək. Ekspertin fikrincə, hər iki tərəf yolun yalnız başlanğıcındadır: “Moskva üçün də bu vacib məsələdir, çünki İrəvan və Ankara ilə münasibətləri balansda saxlamaq kifayət qədər çətindir. Rusiya üçün Ermənistanla Türkiyə arasında seçim etmək həmişə çətin olub. Belə dialoqun bərpası, görünür, Rusiya diplomatları və siyasətçiləri üçün hansısa başağrısını aradan qaldıracaq”. Azərbaycan xarici işlər nazirinin müavini Xələf

Xələfov qeyd edib ki, rəsmi Bakı Türkiyə-Ermənistan təmaslarının başlanmasını dəstəkləyir. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq qəbul edilmiş birgə bəyanatlar və o bəyanatlarda əksini tapmış razılaşmaların yerinə yetirilməsinin alternativi yoxdur: “Türkiyənin təşəbbüskarı olduğu Türkiyə-Ermənistan təmaslarının başlanmasını alqışlayırıq. Bunun davamlı olması, etimadın daha da gücləndirilməsi üçün ölkələr arasında kommunikasiyalar açılmalıdır, əlaqələr bərpa olunmalıdır. Birmənalı olaraq düşmənçilik əhval-ruhiyyəsi, düşmənçiliyə yönəlmiş ideologiya basdırılmalıdır, gündəlik həyatdan çıxarılmalıdır”.

NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviter səhifəsində Türkiyə və Ermənistana çağırış edib. Qurumun xüsusi nümayəndəsi bildirib ki, rəsmi Ankara və İrəvan bu istiqamətdə səyləri artırmalıdır və hərbi alyans prosesə dəstək verməyə hazırdır”.

Ermənistanın Siyasi İqtisadiyyat Araşdırmalar İnstitutunun politoloqu Benjamin Matyosyan isə bildirib ki, İrəvan Ankara tərəfindən de-fakto qoyulan bütün tələbləri yerinə yetirib. Onun sözlərinə görə, ənənəvi olaraq, Ermənistan-Türkiyə sərhədinin açılması müqabilində İrəvanın Qarabağından və saxta “soyqırım”dan imtinası tələb olunurdu: “De-fakto, bu tələblər artıq Ermənistan hakimiyyəti tərəfindən yerinə yetirilib”. Matosyanın sözlərinə görə, hazırkı Ermənistan-Türkiyə gündəmi erməniyönümlü deyil. Buna baxmayaraq, Ermənistan rəhbərliyi bu münasibətlərdə “respublikanın iqtisadi vəziyyətini yaxşılaşdırmaq, eləcə də Qərb dövlətləri ilə yaxınlaşmaq imkanı” görür: “İrəvan səmimi şəkildə inanır ki, Ankara vasitəsilə Qərb dünyasına, NATO strukturlarına inteqrasiya edə bilər. Ermənistan-Türkiyə dialoqu açıq-aydın ABŞ-ın himayəsi altında gedir. Bu dialoqun əsl məqsədi Rusiyanı bölgəmizdən sıxışdırıb çıxarmaqdır”.

Ankara-İrəvan əlaqələrinin normallaşması prosesini “Şərq”ə dəyərləndirən millət vəkili Elman Məmmədov deyib ki, Türkiyədə qardaş ölkənin vətəndaşlığını qəbul etmiş xeyli erməni yaşayır. Eyni zamanda Türkiyədə müvəqqəti yaşayan və işləyən Ermənistan vətəndaşları da çoxdur: 
















 “Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, ölkədə 100 mindən artıq Ermənistan vətəndaşı çörək pulu qazanır. Deyirlər, təyyarə reysləri də bərpa olunub. Bir məsələni də qeyd edim. Türkiyəyə səfərlərimdə hava limanında reyslərin elektron tablolarında İrəvan-Ankara reysləri diqqətimi çəkirdi. Hətta sual edirdim ki, Ermənistanla diplomatik əlaqələr olmadığı halda uçuşlar necə həyata keçirilir? Deyirdilər ki, onlar çarter (qeyri-müntəzəm) reysləridir. O cümlədən, Gürcüstan vasitəsi ilə Türkiyədən Ermənistana yük tırlarının getməsi ilə bağlı məlumatlar var idi. Yəni demək istəyirəm ki, iş adamlarının müəyyən formada əlaqələri olub. Ancaq indi söhbət rəsmi əməkdaşlıqdan və sərhədlərin açılmasından gedir. Reallıq odur ki, Ermənistan nəinki indi, hətta 100 il sonra belə Türkiyəyə lazım olmayacaq. Ermənistan bütün sahələrdə iflasa uğramış, iqtisadiyyatı çökmüş bir dövlətdir. Türkiyə ilə əməkdaşlıq Ermənistana hava-su kimi lazımdır. Ermənilər bu məsələdə minnətçi olmalı, yalvar-yaxar edən tərəf olmalıdır. Çünki Türkiyə ilə sərhədlərin açılması və iqtisadi-siyasi əlaqələrin tam bərpası ermənilərin rifahını, yaşayışını dəfələrlə yüksəldəcək. Ancaq ermənilər Türkiyəyə heç nə verməyəcəklər”.

Parlament üzvü vurğulayıb ki, İrəvan Ankara ilə əməkdaşlıqda səmimidirsə, ilk növbədə konstitusiyalarında dəyişiklik etməli, Türkiyəyə qarşı ərazi iddialarından, qondarma “soyqırım” ittihamlarından birdəfəlik vaz keçməlidir:

 “Türkiyə dövləti Ermənistanın qarşısına birmənalı şərt qoyur ki, ikili münasibətlərin bərpası Azərbaycanla normal əməkdaşlıqdan asılıdır. Ermənilər Azərbaycanın suverenliyini rəsmən tanımalıdır. Nəhayət, rəsmi Bakı ilə İrəvan yekun sülh sazişinə imza atmalıdır. Bu şərtlər reallaşmadan münasibətlərin normallaşmasını gözləmək mümkünsüzdür. Ermənilər tarix boyu türk millətinin başına oyun açıb, çoxsaylı qətliamlar, soyqırımlar törədib. Əfsuslar ki, ermənilər bu gün də öz çirkin niyyətlərindən əl çəkməyiblər. Ona görə də məsələyə kompleks şəkildə yanaşılmalıdır. Əlaqələr yaranacaqsa, hər məsələ nəzərə alınmalı, İrəvan öz səmimiyyətini sübuta yetirməlidir”.