Azərbaycan Laçın dəhlizinə tam nəzarəti ələ keçirməlidir


Bunun üçün Ermənistan öz silahlı qüvvələrini Qarabağdan geri çəkməlidir

“Laçın dəhlizində və ermənilərin yaşadığı ərazidə Rusiya sülhməramlılarının fəaliyyətinə Azərbaycan tərəfi nəzarət edir”. Bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, artıq sülhməramlılar addım atanda Azərbaycanın reaksiyasının necə olacağını hesablayırlar: “Prezident İlham Əliyevin sülhməramlı qüvvələrlə bağlı narazılığını ifadə etməsi, “Laçın dəhlizinə nəzarət edirik” sözləri göstərdi ki, rəsmi Bakı Lacin dəhlizində post qoymaq planına malikdir. Sülhməramlı qüvvələrin fəaliyyəti Azərbaycanın təhlükəsizliyinə təhdid kimi görüldü. 

Ümumiyyətlə, Azərbaycanın Laçın dəhlizinə nəzarəti tam bərpa etməsi mümkündür. Bunun üçün Ermənistan öz silahlı qüvvələrini Qarabağdan geri çəkməlidir. Ermənistan Qarabağa əsgər göndərməzsə, yerli ermənilər “özünümüdafiə qüvvələri” təşkil edə bilməzlər. Ona görə də ilk növbədə Ermənistandan Qarabağa mülki geyimdə hərbiçi göndərilməsinin qarşısı alınmalıdır. Ermənistanla danışıqlarda bu məsələ gündəlikdə olmalıdır. Əks halda Azərbaycan istənilən anda sərt tədbirlər görə bilər”.