Kəlbəcər və Laçının böyük turizm potensialı var

Qarabağda üç hava limanının tikilməsi gələcəyə hesablanmış layihələrdir

   Beynəlxalq Mülki Aviasiya Təşkilatı Zəngilan Hava Limanını beynəlxalq məkan indeksləri kataloquna daxil edib. Bu barədə məlumat təşkilatın rəsmi nəşrinin 2022-ci il mart buraxılışında beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılacaq. Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov Qarabağın işğaldan azad olmuş daha bir şəhərinin etibarlı tərəfdaş olaraq tanınmasını əhəmiyyətli hadisə kimi dəyərləndirib. Onun sözlərinə görə, Zəngilan Hava Limanının beynəlxalq yer indeksləri kataloquna daxil edilməsi hər birimizdə iftixar hissi yaradır: “Qarabağ və Şərqi Zəngəzurda inşa edilən hava limanlarının bazasında yeni aviasiya qovşağı yaradılır. Qısa bir müddət ərzində Zəngilan Hava Limanı bölgənin nəqliyyat-tranzit kommunikasiya mərkəzlərindən birinə çevriləcək”. Qeyd edək ki, 2021-ci ilin aprel ayında inşasına başlanmış Zəngilan hava limanı Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək. Eyni zamanda regionda böyük, müasir standartlara cavab verən logistik habın yaradılmasına töhfə vermiş olacaq. Ümumiyyətlə, 2023-cü ilədək Qarabağda 3 beynəlxalq hava limanının tikilməsi planlaşdırılır. Füzuli Hava Limanının istifadəyə hazır olduğu deyilir. Bu il Zəngilan, 2023-cü ildə isə Laçın hava limanlarının tam hazır olacağı bildirilir. Məsələ ondadır ki, Qarabağın kiçik bölgəsində üç beynəlxalq hava limanının olmasının səbəbini çoxları başa düşmür. Hətta bəzi müxalif siyasilər Füzuli, Zəngilan və Laçın arasındakı məsafələrin kiçik olduğunu əsas gətirərək bölgələrarası aerodromların deyil, məhz beynəlxalq səviyyəli müasir hava limanlarının tikilməsini mənasız sayırlar. 

Tənqidi fikirlərlə bağlı “Şərq”ə açıqlama verən sabiq dövlət müşaviri, siyasi elmlər doktoru Qabil Hüseynli bildirib ki, Qarabağda üç beynəlxalq hava limanı sadəcə mülki xarakterli deyil. Analitikə görə, Füzuli Beynəlxalq Hava Limanı həm də mühüm logistik əhəmiyyətə malikdir:

 “Zəngilanda hava limanı ilə dəmiryol qovşağının uzlaşdırılmasının prinsipial əhəmiyyəti var. Hava limanlarının Ermənistana yaxın ərazilərdə tikilməsi hərbi-strateji önəm daşıyır. Bunlar uzaq gələcəyə hesablanmış layihələrdir. İndiki dönəmdə hava limanları üçün xeyli vəsait sərf olunsa da, bütövlükdə Azərbaycan üçün çox uduşludur və maraqlarımızı təmin edir. Kəlbəcərdə əlverişli ərazi olmadığı üçün üçüncü hava limanı Laçında tikilib. Bu da turistlərin Qarabağa, birbaşa Kəlbəcərə gəlişini asanlaşdırmaq üçün nəzərdə tutulub. Kəlbəcər və Laçının böyük turizm potensialı var. Ümumilikdə, hər üç rayonumuzdakı hava limanları fərqli funksiyalara sahibdir. Hava limanları gələcək hərbi-siyasi və strateji planlarımızın reallaşması üçün zəruri vasitələrdir”.