Ruslar terrorçu rejimi açıq şəkildə bəsləyir

Qarabağda sakitlik separatçıların möhkəmlənməsinə, oradakı ermənilərin “təhlükəsiz şəraitdə” yaşamasına şərait yaradır

“Son günlər Qarabağdan xoşagələməz xəbərlər gəlir”. Bunu “Şərq”ə açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik bildirib ki, separatçı rejim qondarma “konstitusiya islahatları”na başlayır, “ərazilərin işğaldan azad edilməsi haqqında” geydirmə “qanun” qəbul edir, sülhməramlılarla birlikdə separatçılar maşınlarımızı yoxlayır: “Separatçı Araik Arutyunyanın qondarma “konstitusiya islahatı” öz mövqelərini gücləndirməyə hesablanıb. Ötən ilin sonunda Paşinyanın “Qarabağın statusu Azərbaycan Konstitusiyasına uyğun həll edilməlidir” açıqlamasından sonra separatçılarla İrəvan arasında fikir ayrılığı dərinləşib. 

Araik “Qarabağ klanı”nın üzvləri ilə yaxınlaşmaq xəttini tutub. “Ərazilərin azad edilməsi” qanunu da keçmiş “DQMV”-nin ərazisinə daxil edilən Şuşa, Hadrut və digər ərazilərə iddia edilməsi məqsədi daşıyır. Separatçı rejim bunun mümkün olmadığını anlayır. Lakin bu iddianın “rəsmiləşdirdirilməsi” “Qarabağ klanı” ilə həmrəylik nümayiş etdirməyə hesablanıb”. 

A.Nərimanlıya görə, Azərbaycanın maşın karvanını sülhməramlılarla birlikdə separatçıların da yoxlaması “əzələ nümayişi”dir: 

“Ruslar terrorçu rejimin mövcudluğunu nümayiş etdirirlər. Bu həm də “Laçın dəhlizinə faktiki biz nəzarət edirik” açıqlamasına praktiki formada verilən cavabdır. Rusların və separatçıların ərazilərimizdə qaldığı müddətdə belə təxribatların bu və ya digər formada davam edəcəyi bəllidir. Yaxın dönəmdə buna qarşı cavab tədbirlərinin görülməsi zərurəti var. Rəsmi Bakı siyasi kanallarla etirazını ruslara bildirə bilər. Hərçənd, praktiki addımlara daha çox ehtiyac var. Qarabağda sakitlik separatçıların möhkəmlənməsinə, oradakı ermənilərin “təhlükəsiz şəraitdə” yaşamasına şərait yaradır. Ermənilər anlamalıdır ki, Azərbaycan vətəndaşlığını qəbul etməyəcəkləri təqdirdə onların nə rahat həyatı, nə də gələcəyi olacaq”.