“Qarabağda qondarma erməni “polisi” və silahlı birləşmələrin mövcudluğu təhlükəlidir"  - TƏHLİL

"Rusiyanın onları qəbul etməsi və bizə də qəbul etdirmək planı isə daha risklidir"

“Rusiya sülhməramlı qüvvələrinin Suqovuşan-Kəlbəcər yolunda Azərbaycanın yük maşınlarının erməni separatçıları tərəfindən yoxlanılmasına şərait yaradılması növbəti təzyiq metodudur”. 

Bu barədə “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Ekspert bildirib ki, Rusiya bununla Azərbaycanı separatçıları “tərəf” kimi qəbul etdirməyə sövq edir: 

“Azərbaycan ərazisində qondarma erməni “polisi” və silahlı birləşmələrin mövcudluğu təhlükəlidir. Rusiyanın onları qəbul etməsi və bizə də qəbul etdirmək planı isə daha risklidir. Təcili buna qarşı hərəkətə keçməliyik. Rusiyanın mövqeyi ondan ibarətdir ki, Qarabağda separatçı rejim daim fəaliyyət göstərsin. Azərbaycanın yük maşınlarını nəinki erməni separatçıları, heç rus sülhməramlıları da yoxlaya bilməz. Onda Azərbaycan Laçın dəhlizində yoxlama tətbiq etməlidir. Hər halda öz torpağımızda, Laçın dəhlizində post qoyulması Rusiya-Azərbaycan əlaqələrində problem yaratmaz. Moskva Azərbaycanın tələbləri ilə razılaşmaq məcburiyyətindədir”.