On minlərlə ermənini Xankəndinə qaytarıblar

Nə sülhü qoruyurlar, nə silahlıları tərksilah edirlər, işləri erməniləri himayə etməkdir

"İstənilən vaxt rus sülhməramlılarının ərazidən çıxarılması tələbi ilə çıxış edə bilərik"


   Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyəti, daha dəqiq desək, mandatlarından kənar davranışları Azərbaycan ictimaiyyətində qıcıq və narahatlıq doğurur. Dünyanın heç bir bölgəsində sülhməramlılar münaqişələrin həllinə yardım etməyib. Çünki bu missiyanın daşıyıcıları həm də öz ölkələrinin maraqlarını təmsil edirlər. Sülhməramlılar daha çox tərəflərdən birinin maraqlarını dəstəkləyir.

Elə bu tərəfkeşlik yeni münaqişənin yaranmasına zəmin hazırlayır. Bundan başqa, bir ölkə ərazisində başqa sülhməramlı missiyanın mövcudluğu həm də həmin dövlətin hərbi mövcudluğu deməkdir. Tarix onların olduqları dövlətə ziyan vurduqlarını artıq dəfələrlə təsdiqləyib. Bosniya və Hersoqovina, Mali, Mərkəzi Afrika Respublikası, Çad, Kosovo, Əfqanıstan, Kəşmir və digər yerlərdə baş verənlər buna sübutdur. 2020-ci il noyabrın 10-da imzalanan bəyanata əsasən, Rusiya sülhməramlıları Azərbaycanda yerləşdirilib. Onların fəaliyyəti sənədin 3-cü və 4-cü maddələri üzrə müəyyənləşdirilib. Qeyd olunub ki, Rusiya sülhməramlılarının yerləşdirilməsi ilə paralel Ermənistan silahlıları Azərbaycan ərazisini tərk etməlidir. Lakin bir ildən çox vaxt keçsə də, erməni silahlıları ərazilərimizdən çıxarılmayıb. 

Bundan başqa, Laçın dəhlizi üzrə hər iki istiqamətdə hərəkətin təhlükəsizliyinə Azərbaycan tərəfin nəzarətinə şərait yaradılmayıb. 2020-ci il noyabrın 13-də Ermənistan vətəndaşı Norayr Mirzoyan və başqaları “RQD-5” markalı əl qumbarasını Şuşa şəhərinin Daşaltı kəndi yaxınlığında xidmət edən Azərbaycan Silahlı Qüvvələrinin postuna atıb. Rusiya sülhməramlıları onu saxlasa da, bir müddət sonra sərbəst buraxıblar. Bu terrorçu isə ölkəsində qəhrəman kimi qarşılanıb. Sülhməramlıların tərəfkeşliyi səbəbindən Mirzoyan barəsində indiyədək cinayət işi başlamayıb. Fransa prezidentliyinə namizəd Valeri Pekres sülhməramlıların nəzarəti altında olan Laçın dəhlizindən keçərək qanunsuz olaraq Azərbaycan ərazisinə gəliblər. Rusiyalı hərbçilər nə terrorçunu, nə də Pekresi yolxayıblar. Bu, Rusiya hərbçilərinin missiyasına uyğun fəaliyyət göstərmədiyini deməyə əsas verir. Deməli, sülhməramlıların məsuliyyətsizliyi və ya görməzliyi səbəbindən dəhliz vasitəsilə ermənilər istənilən qadağan olunan hərbi texnika və başqa maddələri, hətta narkotik maddələri belə daşıya bilər. Dövlət başçısı sülhməramlıların fəaliyyətindən narazılığını gizlətməyərək dəfələrlə bu tip halların qarşısını almağa çağırıb. Ölkə rəhbəri Qarabağa Ermənistan tərəfdən giriş-çıxışa sülhməramlıların icazə verdiyini də vurğulayıb. Hadisələr sübut edir ki, sülhməramlılar münaqişə zonalarında üçüncü tərəfdir. Rusiya sülhməramlılarının Azərbaycandakı fəaliyyəti, ermənilərə tərəfkeşliyi ilə öz maraqları və şərtlərini təmin etdiyini göstərir. Belə vəziyyət isə regionda gərginliyin artmasına şərait yaradır. Xatırladaq ki, sülhməramlıların xidmətinin başa çatması üçün təxminən 4 ilə yaxın vaxt qalıb. Rusiya sülhməramlıları ilə bağlı ölkə ictimaiyyətində iki əsas fikir var. Bir qisim hesab edir ki, 4 ildən sonra rus hərbçilərinin ölkədən getməsi təmin olunmalıdır. Digər kəsim isə düşünür ki, təyin olunmuş müddət başa çatmamış “sülhməramlılardan” xilas olmaq lazımdır. Əks halda Azərbaycana daha çox problem yaradacaqlar. 

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə deyib ki, 10 noyabr 2020-ci il bəyanatından dərhal sonra, həmin gecə Qarabağa yeridilən rus sülhməramlıları bundan cəmi 3 gün sonra ermənilərin Qarabağa daşınması və yerləşdirilməsi prosesinə başlayıb. Partiya rəsmisi xatırladıb ki, rus sülhməramlılarının canfəşanlığı nəticəsində on minlərlə erməninin Xankəndinə qayıtması təmin edilib:

 “Rus sülhməramlıları əraziləri minalardan təmizləyir, evləri təmir edir, ermənilər üçün modul tipli evlər, xəstəxanalar tikir, məktəblər açır, pulsuz müayinə və müalicə şəraiti yaradır, qanunsuz qurumlara texnika bağışlayır və s. Ən əsası isə Qarabağa yerləşən ermənilərin bütün ərzaq təminatı rus sülhməramlılarının üzərindədir. Sanki Ermənistan və Rusiya ermənilərin Qarabağda təkrar məskunlaşdırılması üçün bütün vasitələrdən istifadə edir və daha çox ermənini Qarabağa yerləşdirməyə çalışırlar. Bunun üçün ən böyük canfəşanlığı rus sülhməramlıları edir. Rus sülhməramlıları 10 noyabr bəyanatında əks olunmasına baxmayaraq, erməni silahlılarının Qarabağdan çıxmasını təmin etməyib. Əksinə, rus sülhməramlıları faktiki olaraq erməni silahlılar və keçmiş separatçı-qondarma qurum “rəsmiləri” üçün qalxan rolunu oynayır. Həmçinin, Azərbaycanın bir neçə dəfə kəskin etiraz bildirməsinə rəğmən, Azərbaycanın rus sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərinə Ermənistan rəsmiləri, hətta xarici ölkə nümayəndələrinin gəlişi müşahidə edilir. Onlara Laçın dəhlizindən keçməklə Azərbaycan ərazisinə daxil olmasına isə rus sülhməramlıları şərait yaradırlar. Halbuki, Laçın dəhlizi Qarabağda yaşayan ermənilərin Ermənistan ilə təhlükəsiz əlaqəsinin təmini üçün müvəqqəti olaraq yaradılan və rus sülhməramlılarının nəzarətində olan koridordur”. 

S.Əsədli vurğulayıb ki, bütün bunlar rus sülhməramlılarının missiyasını yerinə yetirmədiyi, daha doğrusu, başqa missiya ilə bölgəyə yerləşdirildiyi şübhəsinə ciddi şəkildə rəvac verir: 

“Kəlbəcər-Vardenes yolunun açılması müzakirə mövzusu ola bilməz. Çünki bu, 10 noyabr bəyanatında əksini tapmayıb. Ona görə də sual yaranır. Rus sülhməramlıları Qarabağa sülhü qorumaq, yoxsa erməniləri himayə edib, onların dirçəlməsinə və növbəti dəfə baş qaldırmasına şərait yaratmaq üçün gəlib? Ərazilərimizdə sülhməramlıların fəaliyyətini müəyyən müddətə qədər biz də istəyirik. Ancaq faktiki olaraq, işğaldan azad edilmiş ərazilərdə möhkəmləndikdən, öz sərhədlərimizi tam müəyyənləşdirdikdən sonra istənilən vaxt rus sülhməramlılarının ərazidən çıxarılması tələbi ilə çıxış edə bilərik”.