Xocalı, Xocavənddə də kütləvi məzarlıqlar ortaya çıxacaq



Elman Məmmədov: "Erməni vəhşiliyinin ifşası üçün əlimizdə kifayət qədər dəlil-sübut var"

"Niyə bizi alqışa tutanlar sözündən dönən Ermənistanı qınamadı?"

Fevral ayının 4-də Azərbaycan və Ermənistan rəhbərliyi arasında keçirilmiş görüşdə UNESCO-nun hər iki ölkəyə ayrı-ayrı missiyalarının göndərilməsinə dair razılıq əldə olunub. İrəvan hökumətinin başçısı Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyi, kütləvi məzarlıqlarla bağlı rəsmi Bakını məlumatlandıracağına söz verib. Lakin Ermənistan Xarici İşlər Nazirliyi UNESCO missiyalarının Azərbaycana və Ermənistana səfərləri ilə bağlı əldə olunmuş razılığı təkzib edib. İrəvan növbəti dəfə üzərinə götürdüyü öhdəliklərindən yayınmaq yolunu tutub. 

Rəsmi Bakı bu missiyanın həyata keçirilməsi üçün 20 ildən artıq bir müddət ərzində israrlı şəkildə quruma çağırışlar edib. Bununla bağlı çoxsaylı məktublar ünvanlayıb. Təəssüflər olsun ki, belə bir missiya həyata keçirilməyib və bunun yeganə səbəbkarı Ermənistan olub. UNESCO təşkilat olaraq, özü də bu faktı 2005-ci il tarixli hesabatında qeyd edib. Qurum Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğunu vurğulayaraq, səfərin məhz Ermənistan tərəfindən qarşısının alındığını etiraf edib. Təşkilatın Ermənistan missiyasına gəldikdə isə, Azərbaycan tərəfi dəfələrlə Ermənistanda Azərbaycan xalqına məxsus mədəni irsin dağıdılması faktlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. QHT-lər bu yaxınlarda həmin dağıntılara dair ətraflı məlumatı UNESCO-ya təqdim edib. Dağıntılara dair məlumatlarda fotoşəkillər və digər sübutlar öz əksini tapıb. 

Millət vəkili Elman Məmmədov “Şərq”ə deyib ki, Ermənistan tərəfi azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımları, qətliamları inkar etməsi, gizlətməsi qeyri-mümkündür. Deputatın sözlərinə görə, işğaldan azad etdiyimiz bölgələrdə kütləvi məzarlıqların yeri aşkar edilib: 

“Erməni vəhşiliyinin ifşası üçün əlimizdə kifayət qədər dəlil-sübut var. Gələcəkdə Xocalı, Xocavəndi də işğaldan azad etdikdə çox güman həmin ərazilərdə də kütləvi məzarlıqlar üzə çıxacaq. Ermənistan 30 il ərzində bir çox öhdəlik götürsə də, heç birinə əməl etməyib. Beynəlxalq təşkilatlar isə İrəvana qarşı hansısa addım atmayıblar, İrəvana təzyiq göstərməyiblər, nəyəsə məcbur buraxmayıblar. Soruşmayıblar ki, “ay Ermənistan rəhbərliyi, niyə öhdəliyinizi icra etmirsiniz?!”. Kütləvi məzarlıqlardan əvvəl Ermənistan minalanmış ərazilərin xəritələrini verməyə razılaşmışdı. Uzun prosesdən, müəyyən təzyiqlərdən sonra əldə etdiyimiz xəritələrin sadəcə 25 faizi doğru çıxdı, 75 faizi yalan oldu. Bunu dünyaya açıq şəkildə bəyan etdik. Ancaq yenə də beynəlxalq aləmdən yalançı Ermənistana təpkinin şahidi olmadıq. Fevralın 4-dən sonra Azərbaycan tərəfi humanistlik göstərərək cinayət törətmiş 8 erməni hərbçisini qaytardı. Fransa Prezidenti E.Makron başda olmaqla, ABŞ və Qərb institutlarının nümayəndələri bizi alqışlamağa başladı. Onların boğazdan yuxarı tərifi bizə lazım deyil, humanist addımlar rəsmi Bakının davamlı siyasətidir. Kişilik, mərdlik, insanpərvərlik göstərərək bu addımları atırıq. Verdiyimiz sözün yiyəsi olduğumuzu təsdiqləyirik. Bunun müqabilində Ermənistan tamam fərqli addım atdı. Niyə bizi alqışa tutanlar sözündən dönən Ermənistanı qınamadı? Bu da ədalətsiz yanaşmadır. Yeganə yolumuz odur ki, daim hərbi güc faktorunu öndə saxlayaq. Qılıncımız Ermənistanın başının üzərində olmalıdır. Sərhəd, Zəngəzur dəhlizi və başqa bütün məsələlərdə erməniləri hərbi güclə yola gətirməliyik. Ermənistan danışıq, müzakirə dilindən anlamır. Ermənilər heç vaxt səmimi olmayıblar”.