Sülhü ləngitməyin nəticəsi olmayacaq

Türkiyə və Azərbaycanın icazəsi olmadan Ermənistanın gələcəyi yoxdur

“Ağdama və Şuşaya avtobus marşrutları təşkil edilib. Ağdamlılar, şuşalılar və digər bölgələrdən olan vətəndaşlar gəlirlər, tanış olurlar və öz gözləri ilə görürlər ki, bizim xalqımız hansı bəla ilə üz-üzə idi”. Bunu Prezident İlham Əliyev fevralın 13-də Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olduqdan sonra çıxışında deyib. Ölkə başçısı qeyd edib ki, otuz il ərzində məqsədyönlü şəkildə bütün şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, qəbiristanlıqlarımız ermənilər tərəfindən dağıdılıb: “İmarət ermənilər tərəfindən dağıdılıb, təhqir edilib.

İndi bəziləri gələcək barışıq haqqında danışırlar. Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Mən də onu demişəm. 

Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır”. 
Dövlət başçısı əminliklə vurğulayıb ki, ordu quruculuğu sahəsində görülən işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq: “Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”. 

Prezidentin diqqət yönəltdiyi məqamla bağlı “Şərq”ə danışan Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi deyib ki, Azərbaycan-Ermənistan münasibətlərinin perspektiv inkişafında ən çox maraqlı olan tərəf məhz Ermənistan olmalıdır. Partiya rəsmisi vurğulayıb ki, Azərbaycan müharibədə qalib tərəfdir və regionda şəriksiz lider dövlətdir: 

“Bu, Azərbaycanın dominant ölkə statusunda çıxış etməyə əsas verən ən başlıca amildir. Ermənistan sülh müqaviləsinin bağlanmasını ləngidir, yaxud əngəlləməyə çalışır. Bununla müvəqqəti siyasi və mənəvi “üstünlük” qazanacağını zənn edir. Ancaq bu “üstünlük” Ermənistana ötəri və aldadıcı manevrdən başqa heç nə verməyəcək. Ermənistan iki tərəfdən konkret türk respublikası, digər iki tərəfdən isə türklərin yaşadığı potensial rəqib dövlətlərlə əhatə olunub. Türkiyə və Azərbaycanın icazəsi olmadan Ermənistanın gələcəyi yoxdur. Xaricdən dəstəyə ümid bağlamaq yanlış düşüncədir. Rusiya, Fransa və digər Qərb ölkələrinin qızışdırıcı bəyanatları yalnız Ermənistana zərər verəcək. Azərbaycan tərəfi yekun sülh sazişinin imzalanmasında ancaq kommunikasiyaların açılması, iqtisadi münasibətlər və müəyyən siyasi addımlarda güzəştə gedə bilər. Lakin 30 il davam edən vandalizmə qarşı heç bir güzəşt olmamalıdır. Ermənistan törətdiyi cinayətlərə və vandalizmə görə beynəlxalq məhkəmədə mütləq cavab verməlidir. İşğala hüquqi qiymət verildikdən sonra münasibətlərin daha yaxın fazasına keçilə bilər”.