1 milyon insan Qarabağa daha çox can atır

"Dövlət vətəndaşı, vətəndaş da dövləti anlamalıdır"

Seymur Verdizadə: "Yaşlı, xəstə insanlar var ki, onların doğma yurdlarını görməyə şərait yaradılmalıdır"
 
Vətən müharibəsi başa çatandan sonra işğaldan azad olunmuş ərazilərə qanunsuz səfər edən 602 nəfər müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, onlardan 175 nəfər barəsində inzibati həbs, 345 nəfərə isə cərimə tətbiq edilib:

"Digərlərinə isə məhkəmələr xəbərdarlıq edib. Hazırda işğaldan azad edilmiş bütün ərazilərdə minatəmizləmə əməliyyatları aparılır.

Təmizlənən ərazilərə vətəndaşların rahat qayıdışı üçün bərpa və quruculuq işləri davam etdirilir". 

İkinci Qarabağ müharibəsindən sonra mülki şəxslərin azad edilmiş ərazilərə qanunsuz səfərlərinin tez-tez şahidi oluruq. Nəticədə həmin sahələrə daxil olanlar minaya düşüb, həlak olur, yaralanırlar. Məsələn, bu yaxınlarda müğənni Manaf Ağayevin Füzuliyə qanunsuz səfəri də səsli-küylü hadisələrdən oldu. İnsanlar yenə də məhəl qoymur, dərs götürmür.

Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri, "yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə "Şərq"ə açıqlamasında özünün də qarabağlı olduğunu xüsusi olaraq qeyd edib: 

"28 il ata yurdumun, doğulduğum kəndin həsrəti ilə yaşamışam. Nəhayət, ermənilərin xarabazara çevirdiyi evimizi görmək ötən ilin aprelində mənə nəsib olub. Sarsıldım, uzun müddət qarışıq hisslərlə yaşadım. Amma yurd niskilimə son qoyuldu. Azərbaycanda mənim kimi ata yurduna qovuşmaq arzusu ilə yaşayan bir milyon insan var. Onların da ən böyük arzusu Qarabağı görməkdir. Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər edən 602 nəfərin bir qismi bu kateqoriyaya daxil olan adamlardır. İnsanlar daha dözə bilmir, Qarabağa, doğma yurda can atırlar. Onları başa düşmək lazımdır".

JAM sədri diqqətə çatdırıb ki, bu sözləri deməklə işğaldan azad olunmuş ərazilərə qanunsuz keçən adamlara haqq qazandırmır:

"Qadağa hamı üçündür! Üstəlik, bu qadağa bizim sağ qalmağımıza xidmət edir. Biz Qarabağı qurub yaratmaq, abadlaşdırmaq üçün ora sağ-salamat qayıtmalıyıq. Amma yaşlı, xəstə insanlar var. Onların bəzilərinin bu gündən sabaha etibarı yoxdur. Ömürlərinin son çağlarında, bəlkə də son nəfəslərində bu adamlara doğma yurdu görmək üçün şərait yaradılmalıdır. 

Bəzi QHT rəhbərləri, jurnalistlər Qarabağı "su yoluna" döndəriblər. Heç olmasa, minalardan təmizlənən ərazilərə səfərlər təşkil etmək lazımdır. Bu məsələdə dövlət vətəndaşı, vətəndaş da dövləti başa düşməlidir".