Xocalıda da Azərbaycan bayrağı dalğalanacaq

Millət vəkilləri inanır ki, gec-tez ədalət öz yerini tutacaq, soyqırımı törədənlər öz layiqli cəzasını alacaqlar

   Dünən Milli Məclisin yaz sessiyası çərçivəsində növbəti plenar iclası keçirilib. İclasın birinci hissəsi Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunub. Milli Məclis beynəlxalq təşkilatları Xocalı soyqırımını tanımağa çağırıb və BMT, Avropa İttifaqı, MDB, Avropa Şurası Parlament Assambleyasına müraciət edib. Parlament sədri Sahibə Qafarova deyib ki, misilsiz qəddarlıq timsalı olan Xocalı soyqırımında xalqımızın mübarizə əzmini sındırmaq istədilər. Sədr bildirib ki, 1992-ci ildə girov götürülən insanlardan 150 nəfərin taleyi bugünədək məlum deyil: “Bu cinayət əməlinin təşkilatçıları Ermənistanın siyasi rəhbərliyi, icraçıları isə erməni terrorçuları, 366-cı motoatıcı alayın şəxsi heyətidir. 

Xocalı soyqırımı etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi olub. Tarixin müəyyən dövrlərində böyük dövlətlər uydurma erməni məsələlərindən istifadə edib. XX əsrin əvvəllərində on minlərlə günahsız azərbaycanlı və digər xalqların nümayəndələri etnik təmizləməyə məruz qalıb, qətlə yetirilib”.

“Əminəm ki, Xocalı soyqırımını törədənlər layiqli cəzasını alacaq”

Sahibə Qafarova bildirib ki, Xocalı soyqırımının dünyada tanıdılması məqsədilə həyata keçirilən işlərin strateji məqsədini dövlət başçısının fikirləri təşkil edir: “Xocalı soyqırımı haqqında həqiqətlər beynəlxalq miqyasda öz hüquqi qiymətini almalıdır. Neçə illər keçsə də, Azərbaycan xalqı Xocalı faciəsinin ağrı-acısını unutmayacaq. Əminəm ki, gec-tez ədalət öz yerini tutacaq, bu soyqırımı törədənlər öz layiqli cəzasını alacaqlar”. S.Qafarova bildirib ki, Milli Məclisin sədri kimi 75 ölkənin parlament sədrlərinə, 10 beynəlxalq parlamentə Xocalı soyqırımın tanıdılması üçün sənədlər göndərib: “Eyni zamanda Milli Məclisin üzvləri xarici ölkələrdəki həmkarlarına 65 məktub ünvanlayıb”.

“Xocalı soyqırımını törədənlərə xüsusi tribunal təşkil olunması üçün BMT-yə müraciət etməliyik”

Qüdrət Həsənquliyev bildirib ki, bütün sivil dünya xəcalət hissi keçirməlidir ki, Xocalı soyqırımını törədənlər hələ də azadlıqda gəzir. Deputat təklif edib ki, Rusiya Federasiya Şurası və Rusiya Dövlət Dumasına müraciət edilsin: “Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərdə ermənilərin azərbaycanlılarla inteqrasiyası istiqamətində konkret addımlar atsınlar. Xocalıya ermənilərin məskunlaşdırılmasını dayandırsınlar. Biz xocalılıların öz yurd-yuvalarına qayıtmasını biz təmin etməliyik. Xocalı soyqırımını törədənlərə xüsusi tribunalın təşkil olunması üçün BMT Təhlükəsizlik Şurasına müraciət edək. Böyük dövlətlər, xüsusilə BMT TŞ üzvləri öz bildiyini edir. Bu müraciətimizə müsbət cavab verəcəklərini düşünmürəm, o qədər sadəlövh deyiləm. Amma biz bu müraciəti ünvanlamalıyıq. Belə ağır cinayət törətmiş ermənilərin əməllərinə hələ də siyasi və hüquqi qiymət verilməyib”.

“Xocalı soyqırımına həsr olunan park salınsın” 

Deputat Razi Nurullayev isə Xocalı soyqırımına həsr olunan daha böyük parkın salınmasını təklif edib: “Bu parkda Xocalı soyqırımının qurbanı olan 613 nəfərin hər birinin abidəsi qoyulsun, onlar barədə məlumatlar bütün dillərdə abidənin üzərində qeyd edilsin. Bu, Azərbaycana gələn turistlərin də faciə barədə daha çox məlumat almasına imkan yaradardı”.

“Şəhidlər Xiyabanında Xocalı abidəsi qoyulsun”

Deputat Musa Quliyev deyib ki, Şəhidlər Xiyabanında Xocalı abidəsi qoyulsun: “Xocalı soyqırımını törədənlərin məqsədi Xocalını zəbt etməklə yanaşı, xalqımızın gözünü qorxutmaq idi. Bu qətliam təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı cinayət, insanlığa qarşı təhqir, vəhşi vandalizm, kütləvi qırğın aktıdır. Xocalı soyqırımı həm də erməni daşnak faşizminin mahiyyətidir, sübutudur, güzgüsüdür. Bu qətliamdan 30 il keçsə də, xalqımızın Xocalı yarasının qanı qurumayıb, ağrısı azalmayıb. Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi istiqamətində təşəbbüsləri yorulmadan davam etdirməliyik”. Deputat qeyd edib ki, soyqırım törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin tutulub Azərbaycana gətirilməsi və ən sərt şəkildə cəzalandırılması təmin olunmalıdır: “Ermənistan hökumətindən Xocalı soyqırımına görə soyqırım qurbanlarının ailə üzvlərindən və Azərbaycan dövlətindən rəsmi üzr istənilməsi, belə cinayətlərin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş maddi və mənəvi ziyana görə tam olaraq kompensasiyanın ödənilməsi tələb olunmalı, bu, sülh müqaviləsinin şərtlərindən biri kimi nəzərdə tutulmalıdır. Xocalını işğaldan azad etmək, Xocalıya qayıtmaq, Xocalını yenidən bərpa edərək, muzey-xatirə komleksi qurulmuş bir şəhərə çevirməliyik ki, bütün dünya görk və ibrət alsın, belə faciələrin baş verməməsi üçün sağlam qüvvələr səfərbər olunsun.

"Bu dəhşətli soyqırım modern dünyanın utancıdır"

Millət vəkili Qənirə Paşayeva bildirib ki, xalqımız üçün ən əsas məsələlərdən biri Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsidir. O qeyd edib ki, Xocalı soyqırımında şəhid olanların ruhu o zaman dinclik tapacaq ki, bu qırğını törədənlər ədalət qarşısında cavab verəcək: “Biz Xocalıya qayıdacağıq. Biz buna inanırıq. Artıq Şuşada biz bunu etmişik. Xocalıda da Azərbaycan bayrağı dalğalanacaq. Bu dəhşətli soyqırım modern dünyanın utancıdır. Bu həqiqətlərin dünyaya çatdırılmasında o zaman orada fəaliyyət göstərən jurnalistlərin çəkdiyi görüntülərin böyük rolu olur”. Q.Paşayeva da təklif edib ki, Şəhidlər Xiyabanında Xocalı soyqırımı ilə bağlı abidə ucaldılsın: “Protokola əsasən, gələn qonaqlar Şəhidlər Xiyabanını ziyarət edir. Belə abidənin orada olması gələnlərin daha çox məlumat almasına səbəb olar”.

“Xocalı cəlladlarının bizə təslim edilməsi üçün…”

Deputat Fəzail Ağamalı bildirib ki, bizim ruhumuz o zaman sakitlik tapacaq ki, Xocalı soyqırımını törədənlər layiqli cəzasını alacaq: “Biz Vətən müharibəsində erməniləri məğlub etdik, sındırdıq. Amma Xocalı qətlimanını törədənlər bizə təhvil verilməlidir. Bu da İnterpol xətti ilə edilə bilər. Bunun üçün işlər illərdir gedir. Amma İnterpolun mərkəzi ofisi Fransada yerləşir. Buna görə də Xocalı cəlladlarının bizə təslim edilməsi üçün əlavə addımları nəzərdən keçirməliyik”.
Deputat eyni zamanda həmkarlarının təkliflərinə qoşularaq Xocalı ilə bağlı əlavə parkın və ümumiyyətlə deportasiyaya məruz qalan azərbaycanlılar üçün xüsusi xatirə kompleksinin yaradılmasına ehtiyac olduğunu vurğulayıb.

“Xocalı soyqırımını təşkil edənlər döyüş meydanından qaçdılar”

Deputat Cavid Osmanov tarixdə bir çox soyqırımların törədildiyini, Xocalının isə xüsusi qəddarlığı ilə seçilən etnik təmizləmə, soyqırımı olduğunu diqqətə çatdırıb. O bildirib ki, ölkədə xaosun baş alıb getməsi o zaman dünya ictimaiyyətinin diqqətinin Xocalı soyqırımına yönəldilməsinə mane olub: “44 günlük Vətən müharibəsində Azərbaycan zəfər qazandı. Həmin vaxt Xocalı soyqırımını təşkil edənlər döyüş meydanından qaçdılar. Onların başqa yolu da qalmadı. İnanırıq ki, Vətən müharibəsində qaçıb gizlənənlər - Sarkisyanlar, Koçaryanlar beynəlxalq ictimaiyyət tərəfindən qınanılacaq, soyqırımın təşkilatçıları və icraçıları layiqli cəzalarını alacaq”.