“Müharibənin  bitməsi Ermənistanı keçmiş cinayətlərinin məsuliyyətindən azad etmir”  - Müşfiq Ələsgərli 

“Qarabağ savaşının bitməsi Ermənistanı keçmiş cinayətlərinə görə cavab vermək yükündən azad etmir”. 

Bunu “Sherg.az”a Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

M.Ələsgərli bildirib ki, Azərbaycan indiki mərhələdə bu cinayətləri detallı şəkildə sənədləşdirir, ictimailəşdirir, dünya ictimaiyyətinin diqqətinə çatdırır: 

“Xarici KİV nümayəndələrinin  Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlığa baş çəkmələri təşkil edilib. Bu, I Qarabağ savaşı zamanı erməni tərəfinin yol verdiyi vəhşiliklərin əyani sübutlarından biridir. Hadisənin canli şahidlərindən biri-vaxtilə bu kənddə ermənilər tərəfindən girovluqda saxlanılmış Füzuli rayon sakini Şəmsi Şıxəliyev məzarlıq haqqında xarici KİV təmsilçilərinə məlumat verib. 48 gün Edilli kəndində girov saxlanılmış Şıxaliyev deyib ki, erməni hərbçiləri döyüşlərdə öldürdükləri əsgərləri, həmçinin,  kəndlərdə güllələdikləri mülki əhalinin meyitlərini bu kəndə gətirərək qazılan quyulara töküblər, üstünü torpaqlayıblar. Edilli kəndindəki məzarlığın ziyarəti üçün indiki mərhələdə  12 ölkədən 26 media nümayəndəsi iştirak edib. Proses davam etdiriləcək və dünya ictimaiyyətinin mövzu üzrə daha detallı bilgilər alması təşkil ediləcək. Bütün bunlar  Ermənistanın Qarabağ savaşları dövründə yol verdiyi bütün cinayətlərə görə cəzalandırılması üçün müstəvi yaradır”.