"Xankəndinə gedən qaz xətti zədələnə bilər" - Ermənistandan humanitar şou!

"Erməni siyasi dairələri indi də Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində kommunal problemlərə görə səslərini başlarına atıblar".

Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. 

Ekspert bildirib ki, hər şeydə Azərbaycanı təqsirkar çıxarmağa adət etmiş erməni xisləti bu dəfə də özünü göstərir: 

"Sülhməramlıların dislokasiya edildiyi Azərbaycan ərazilərində qaz təminatında problemlər yaranıb. Ermənilər bunun təqsirini Azərbaycanın üzərinə atmağa çalışırlar. Ənənəvi yalanlar üzərində inşa edilən fikirlərdən təəccüblənmək də lazım deyil. Çünki erməni siyasəti üçün bu, yenilik deyil. Yalnız yeniliklər təəccübləndirmək gücünə malikdir. Azərbaycanı az qala humanitar böhran yaratmaqda günahlandıran ermənilər üçün bir neçə xatırlatma vacibdir. Vaxtı ilə Sərsəng su anbarından ekoloji terror məqsədləri və humanitar təzyiq yaratmaq üçün istifadə edən ermənilər indi özlərinə bir balaca soyuq dəyən kimi keçmiş əməllərini unudurlar. Birincisi, tarixi, ikincisi isə texniki xatırlatmadır. Hazırda Azərbaycan ərazilərində güclü qar yağır. Bu da texnogen qəzaların artması ehtimallarını çoxaldır.  Xankəndinə gedən qaz xəttinin də zədələnməsi baş verə bilər. Üçüncü, fərz edək ki, qaz xəttində heç bir problem yoxdur, onda Ermənistan zəhmət çəkib Rusiya sülhməramlılarına müraciət etsin. Ermənilər indiki qaz məsələsinin məsuliyyətini həm də sülhməramlılarda axtarmalıdırlar".

A.Kərimova görə, Ermənistanın qaz məsələsindən “qaza” gələrək humanitar şou yaratmasının arxasında beynəlxalq ictimaiyyətdən dəstək qazanmaq niyyəti dayanır: 

"Ancaq beynəlxalq aləmin erməni yalanlarını və vay-şüvənliyini dinləməyə nə vaxtı, nə də həvəsi var. Çünki onların gündəmini Rusiya-Ukrayna müharibəsi məşğul edir. Qarabağdakı ermənilər zəhmət çəkib Ermənistan rəhbərliyininin 10 noyabr bəyanatının icrasına məhəl qoyması üçün müraciət etsin. Qarabağdakı mülki ermənilərə görə yeganə seçim şansı budur. Onlar Azərbaycanın yurisdiksiyası altına keçsinlər və Azərbaycan vətəndaşı kimi yaşasınlar. Yox, əgər onlar da separatçı meyilləri inkişaf etdirsələr, o zaman Azərbaycan ərazilərindəki mövcudiyyətləri cəza mexanizmi altında olacaq. Yaxşı olar ki, Ermənistan rəhbərliyi baş verənlərdən dərs çıxararaq üçtərəfli bəyanatın üzərinə qoyduğu öhdəlikləri yerinə yetirsin. Situasiya ətrafında manipulyativ fikirlər yaratmaq üçün müxtəlif epitetlərin arxasına sığınmaq,  öhdəliklərdən boyun qaçırmaq cəhdləri İrəvanın özünə baha başa gəlir. Buna görə də, Ermənistan Qarabağdakı separatçı silahlıları tərksilah etməyə çalışmalıdır ki, üzərindəki təzyiqin heç olmasa biri azalsın".