Qarabağda həyəcan...

Paşinyan Putindən kömək istədi

Erməni silahlılar Qarabağdan özləri çıxmalıdır, yoxsa məcbur ediləcək


   Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığının bəzi məqamları aydın olub. Ermənistan hökumətinin məlumatında deyilib ki, söhbət zamanı Paşinyan Qarabağda Azərbaycan tərəfinin, guya, sülhməramlıların məsuliyyət zonasında yeni “provokasiyaya” gedə biləcəyini Putinə bildirib. Paşinyan Rusiya sülhməramlılarının iştirakı ilə Azərbaycan bölmələrinin sülhməramlı kontingentin məsuliyyət zonasına “daxil olması”nın suallar doğurduğunu bildirib.

O, Rusiya prezidentinə məsələyə müsbət münasibətinə görə təşəkkür edib. Xatırladaq ki, martın 31-də Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya rəhbəri Vladimir Putin arasında da telefon danışığı olub. Danışıq əsnasında Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyət müzakirə olunub. Söhbət zamanı 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl surətdə həyata keçirilməsinin vacibliyi vurğulanıb. 

Ermənistan baş nazirinin açıqlamalarını “Şərq”ə dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı deyib ki, Paşinyanın son açıqlamaları bölgədə yeni eskalasiyanın anonsu hesab edilə bilər. Analitik vurğulayıb ki, 10 noyabr razılaşmasının 4-cü bəndini özünməxsus formada təhrif edən Nikol deyib ki, qondarma “Qarabağ müdafiə qüvvələrinin” çıxarılması ermənilərin bölgədən çıxarılması deməkdir: 

“Razılaşmanın 4-cü bəndində “sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir” sözləri qeyd olunur. Bu, Paşinyanın iddia etdiyi kimi, erməni silahlı dəstələrinin Azərbaycan ərazisindən geri çəkilməsi yox, bölgədən çıxarılmasını nəzərdə tutur. 

Digər yandan Azərbaycan Ordusu müharibənin gedişində erməni dəstələrini hazırda olduqları mövqelərə qədər təmizləmişdi. Yəni razılaşmaya əsasən hansısa “geriçəkilmə” olmayıb. Paşinyan qondarma “Qarabağın müdafiə qüvvələri” deməklə hazırda Azərbaycan ərazisində olan erməni silahlı qüvvələrinin qalıqlarının da separatçıların “ordusu”na aid olduğunu göstərməyə çalışır. 

Hərçənd, razılaşmada söhbət “erməni silahlı qüvvələri”ndən gedir. 4-cü bəndin icrasından sonra separatçılar, eləcə də onların terrorçu dəstələrinin təmizlənməsi Azərbaycanın daxili işidir. Bu iddialar Ermənistan tərəfinin 4-cü bəndi icra etməkdən açıq mətnlə imtina etməsi deməkdir. Erməni baş nazirin Brüssel görüşündən öncə bu mövqeyi təsadüfi deyil. Zəngəzur dəhlizi məsələsində Ermənistanın istədiyi “yol məntiqinin” Brüssel masasında qəbul edilməsi Paşinyanın erməni silahlı dəstələri ilə bağlı məsələni də Rusiyasız masaya daşımaq niyyətindən xəbər verir”. 

Ekspertin fikrincə, bunların kontekstində Fərrux məsələsinə görə Paşinyanın Rusiya sülhməramlılarını ittiham etməsi də diqqət çəkir: 

“Paşinyanın son mövqeyi 4-cü bəndin icrası üçün Bakıya anti-terror əməliyyatından başqa çıxış yolu qoymur. Putinin hər iki tərəflə danışması və razılaşmaların icrasına sadiqliyin vurğulanması Rusiyanın yaranmış əməliyyat zərurətindən narahat olduğunu və vəziyyəti sakitləşdirmək istədiyini də göstərir. Vəziyyətin uzun müddət belə davam etməyəcəyi ortadadır. Razılaşmalarda irəliləyişin olmaması Moskvanın vasitəçiliyinə riskləri artırır. Mümkündür ki, dövlət başçısı İlham Əliyev Putinlə söhbətdə 4-cü bəndin icrasının vacibliyini və bu edilmədiyi təqdirdə kommunikasiya, eləcə də sərhəd razılaşmalarının icrasının mümkünsüzlüyünü izah edib. 

Proseslər 4-cü bəndin yerinə yetirilməsinin aktual olduğunu deməyə əsas verir. Lakin əsas məsələ fərqlidir. Erməni qoşunlar razılaşmaya əsasən bölgədən çıxacaqlar, yoxsa buna məcbur ediləcəklər?!”.