“Aprel qələbəsi Vətən müharibəsində qalib olmağımıza təkan verib”

6 il öncə baş verən Aprel döyüşləri bu gün də xalqımızın yaddaşında böyük əzm və güc simvolu kimi qalıb. 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. 

Bu, aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin  keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.

Bu döyüşlər haqqında “Sherg.az”a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu döyüşlə Azərbaycan Ordusu 22 il 4 ay sonra sonra yenidən düşməni məğlub edib:

“Aprel döyüşləri Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusunun əks-hücum əməliyyatı idi. Bu əməliyyatda Azərbaycan Ordusu 22 il 4 aydan sonra ilk dəfə düşməni ağır məğlubiyyətə məruz qoymaqla bərabər, Füzuli, Ağdam və Ağdərə rayonlarının ərazisində yerləşən 2 min hektardan çox ərazini işğaldan azad edib. Bununla da ordumuz xalqımıza böyük qələbə sevinci bəxş edib.
 Döyüşlərin qısa müddət davam etməsinə baxmayaraq, ordumuz düşmənin onlarla tankını, artirelliya qurğusunu və digər zirehli texnikasını məhv edib. Düşmənin 300-dən çox canlı qüvvəsini zərərsizləşdirib, 500-dən çox hərbçini isə ağır yaralayıb. Bu əməliyyatın əsas məqsədi Ağdərə-Suqovuşan və Füzuli-Cəbrayıl yollarına müşahidə imkanlarını təmin etməklə yanaşı, ətraf rayon və kəndlərimizin düşmən atəşi altından çıxarılması olub”.

Ekspertin sözlərinə görə, Aprel döyüşlərində qazandığımıəz qələbə, Vətən müharibəsində qalib olmağımıza təkan verib:

“Aprel döyüşləri Azərbaycanın Vətən müharibəsində qələbə əldə etməsi üçün mühüm əhəmiyyət kəsb etdi. Vətən müharibəsindən 4 il  əvvəl əldə olunan Lələtəpə və Talış kəndi ətrafındakı yüksəkliklər ordumuzun əks-hücumları üçün müharibə zamanı uğurlu bir plasdarm kimi istifadə edildi. Bu döyüşlər nəticəsində Azərbaycan Ordusunun qazandığı hərbi uğurlar gələcək böyük qələbəyə ordumuzun inam və əzmini daha da artırdı və Vətən müharibəsində ordumuzun  düşmənə qəti zərbələr endirməsində, torpaqlarımızın işğaldan azad edilməsində böyük əhəmiyyət daşıdı”.