Şuşada deputatlar tarixi iclas keçirdilər

Millət vəkilləri təşəbbüsə görə parlamentin rəhbərliyinə təşəkkürünü bildiriblər

Şuşa şəhərində ilk dəfə olaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası keçirilib. Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Ali qanunvericilik orqanının bu tədbirinin Şuşada baş tutması 44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Qələbənin nəticələrindən biridir. 

İclasda əvvəlcə Şuşanın, bütövlükdə Qarabağın və digər ərazilərimizin azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ə.Hüseynli diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə elan olunmuş “Şuşa İli” çərçivəsində bir çox tədbirlər keçirilir. Birinci vitse-spiker bu il ərzində parlament komitələrinin iclaslarının Şuşada keçirilməsi ilə bağlı verdiyi qərara görə bütövlükdə iştirakçılar adından Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkür edib. Qeyd edilib ki, artıq Şuşa şəhərində bir çox dövlət orqanları fəaliyyət göstərir. Qanunvericilik hakimiyyəti orqanının tədbirlərinin burada keçirilməsi Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasının vacib göstəricilərindən biri kmi mühüm siyasi əhəmiyyət kəsb edir. Vurğulanıb ki, birgə komitə iclasının 2018-ci ilin prezident seçkilərinin 4-cü ildönümü ərəfəsində keçirilməsi rəmzi məna daşıyır. 4 il bundan əvvəl  Azərbaycan xalqı yenidən öz tarixi seçimini etdi. Bu seçim həm də Qarabağın işğaldan azad olunmasına gətirib çıxardı. 

Komitələrin ilk dəfə olaraq azad Şuşada keçirilən iclasının gündəliyindəki məsələlər müzakirə olunub. Milli Məclisin  Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov diqqətə çatdırıb ki, qalib xalqın parlamentariləri kimi burada iclas keçirmək böyük şərəfdir. O, cənab Prezidentin xeyir-duası ilə keçirilən bu iclasa və onun təşkilinə görə parlamentin rəhbərliyinə təşəkkürünü bildirib. 

Azərbaycan, Türkiyə və Gürcüstan arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında gündəliyin birinci məsələsini təqdim edən Ziyafət Əsgərov bildirib ki, ölkəmiz NATO-nun Şərq Tərəfdaşlığı proqramında fəal iştirak edir: “İndiyədək bu üç ölkə arasında dəfələrlə bu çərçivədə təlimlər keçirilib. Bu Anlaşma Memorandumu da həmin əməkdaşlığa əsasən müzakirəyə çıxarılıb. Sənəd 2019-cu il oktyabrın 10-da Bakı şəhərində imzalanıb”. 

Milli Məclisin İntizam Komissiyasının sədri Eldar İbrahimov da azad Şuşada olmaqdan şərəf duyduğunu bildirib. O, bu tədbirin böyük siyasi əhəmiyyətini qeyd edib. Şuşada və işğaldan azad olunmuş digər ərazilərimizdə aparılan sürətli bərpa və quruculuq işlərindən danışıb. Komissiya sədri tezliklə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanacağına inamını ifadə edib. 

İclasda çıxış edən digər deputatlar iclasın Şuşada keçirilməsini tarixi hadisə kimi qiymətləndiriblər. 

Qeyd olunub ki, Azərbaycan Parlamentinin tarixində ilk dəfədir ki, komitə iclasları Qafqazın incisi adlandırılan Şuşa şəhərində keçirilir və bu, çox qürurvericidir. Sonda layihə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.