Anti-terror əməliyyatlarına ciddi hazırlıqlar gedir

Əziz Əlibəyli: "Coğrafi üstünlüklərin fəth olunması və təminat yollarının nəzarət altına alınması uğurla davam etdirilir"

"Qarabağda baş verən proseslərin, ələlxüsus Ordumuzun hərəkətləri ilə bağlı hansısa rəsmi açıqlamanın olmaması bir neçə faktora bağlıdır"

Ötən gün “Kaliber.az” saytında Azərbaycan Ordusunun Ağdərə istiqamətində irəliləməsi ilə bağlı məlumatlar yer alıb. Qeyd olunub ki, ötən ilin aprelindən bu günə kimi Azərbaycan Ordusu Ağdərə istiqamətində separatçıların qurduğu 13 postu bir güllə atmadan götürüb və orada hazırda Azərbaycan bayrağı dalğalanır. Vurğulanıb ki, Ermənistan rəhbərliyi regiondakı mənasız mövcudluğunu nümayiş etdirmək cəhdlərinə əl atır. Müxtəlif provokasiyalar həyata keçirərək hazırda bütün dünyanın diqqətinin Ukraynada olduğu bir vaxtda hamıya şikayətlənmək xəttini tutur: 

“ATƏT-in Minsk qrupunun faktiki olaraq yoxa çıxması isə Ermənistan hakimiyyətində təmsil olunanların sinir sistemlərini daha da sıradan çıxarıb”. Video süjetdə o da diqqətə çatdırılır ki, bütün bu hadisələrin fonunda bir qrup silahlı erməni separatçının Azərbaycan ərazisində öz mövcudluğunu qoruyub saxlamaq istəməsi və ara-sıra təxribatlara əl atması artıq heç nəyi dəyişmir: “Ermənistan tərəfi Fərruxda itirilmiş mövqelərlə bağlı fəryad qopardığı bir vaxtda Azərbaycan Silahlı Qüvvələri Ağdərə istiqamətində mövqelərini möhkəmləndirməklə məşguldur”. 

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli “Şərq”ə deyib ki, hazırda Qarabağda zəncirvari idarəetmə ilə bağlı proses gedir. Analitik bəyan edib ki, son müşahidələr və cərəyan edən proseslər göstərir ki, coğrafi üstünlüklərin fəth olunması və təminat yollarının nəzarət altına alınması uğurla davam etdirilir:

 “Laçın dəhlizindən keçərək Ağdərəyə qədər uzanan, sülhməramlıların nəzarəti altında və eyni zamanda terrorçuların yerləşdiyi əraziləri nəzarət altına almaq çox önəmlidir. Bunun üçün bütün təmas boyu qısa müddətdə anti-terror əməliyyatlarına başlamaq və ya başqa təsir rıçaqlarını işə salmaq istiqamətində ciddi hazırlıqlar gedir. Qarabağda baş verən proseslərin, ələlxüsus Ordumuzun hərəkətləri ilə bağlı hansısa rəsmi açıqlamanın olmaması bir neçə faktora bağlıdır. Ermənistanın daxili auditoriyasının ajiotajı Brüssel görüşündə əldə edilmiş uğurlu irəliləyişə əngəl törədə, ümumi prosesi yarımçıq saxlaya bilər. O baxımdan Azərbaycan hökuməti paralel şəkildə, ilk növbədə masada ciddi irəliləyiş əldə edir və onu təsdiqləyir. 

Digər yandan isə Qarabağda strateji nöqtələri nəzarətə götürməklə hərbi vasitə ilə prosesi yekunlaşdırmağa çalışır. Görünən odur ki, 2025-ci ilə kimi bizi çox ciddi proseslər gözləyir. Həmin dövrədək problemlərin aradan qaldırılması mühüm hədəflərdəndir”.