İkitərəfli danışıqlar Qarabağda sülhü tezləşdirəcək


Vasitəçisiz format Qarabağda yarımçıq qalan prosesin tamamlanmasına da imkan yarada biləcək mühüm faktordur

Aprelin 11-də Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan ilə telefon danışığı baş tutub. Tərəflər gələcək sülh sazişinin hazırlanması üzrə birgə iş, Sərhəd Komissiyasının təşkili, habelə humanitar məsələlər üzrə fikir mübadiləsi aparıblar. Ekspertlərin fikrincə, nazirlərin birbaşa dialoqu hər iki tərəf üçün faydalıdır. Bu, danışıqları pozmaq istəyən qüvvələrin planlarına da zərbədir. Böyük ehtimalla birbaşa danışıqlara start verməklə bağlı razılıq Brüsseldə əldə olunub. Telefon danışığı məhz həmin görüşün səmərəsidir. Analitiklərə görə, sülh sazişini müzakirə etmək üçün hər dəfə Moskvaya getməyə ehtiyac yoxdur. 

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə açıqlamasında bildirib ki, Bakı-İrəvan arasında vasitəçi olmadan baş tutan ilk təmas göstərir ki, “ikitərəfli danışıqlar” formatı bundan sonra əsas ola bilər. Analitik hesab edir ki, Ermənistan tərəfi Minsk qrupu məsələsindən əl çəkməsə də, reallıqda yeni formatı qəbul edir: 

“Brüsseldə sülh sazişi üzrə razılaşmanın ilk addımı atılır. Sərhəd üzrə birgə komissiyanın yaradılması razılığının praktiki işləməsi imkanı var. 

Moskvanın “əsas vasitəçi” olması və bunun üzərindən maraqlarını diktə etməsi perspektivi zəifləyir. Rusiyanın öz vasitəçiliyini saxlaması istiqamətində addımlar atacağı bəllidir. 

Tərəflər rusların masasında da bir araya gələcək. Lakin ikitərəfli danışıqlar təcrübəsi problemlərin üçüncü tərəf olmadan qarşılıqlı maraqlar çərçivəsində həlli imkanını önə plana çıxara bilər. 

İkitərəfli format Ermənistanla münasibətlərin qurulmasına, bu ölkənin Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsinə və Qarabağda yarımçıq qalan prosesin tamamlanmasına da imkan yarada biləcək mühüm faktordur”.