Erməni deputatlar Qarabağa buraxılmadı

Rus sülhməramlılar Bakının tələbini yerinə yetirdi

Bununla Ermənistan müxalifətinin mövqeyi zəiflədildi və Paşinyanın sülh yolunun önü açıldı

Ermənistan parlamentinin 17 deputatı “Qarabağın “müstəqilliyi” uğrunda mübarizəyə dəstək” adlı tədbir təşkil etmək üçün torpaqlarımıza üz tutublar. Ancaq Rusiya sülhməramlıları erməni deputatları Qarabağa buraxmayıb, onları Laçının girişində saxlayıblar. Erməni deputatlara Xocalı soyqırımını həyata keçirən Seyran Ohanyan başçılıq edirmiş. Qeyd edək ki, erməni deputatlar ötən ilin sentyabrında Xankəndinə səfər etmişdi. Bu, Azərbaycanın ciddi etirazına səbəb olmaqla yanaşı, sülhməramlıların yarıtmaz fəaliyyətini də növbəti dəfə gündəmə gətirmişdi. Heç şübhəsiz, erməni deputatların Qarabağa girişi Bakının tələbi ilə bağlanıb.

Siyasi şərhçi Asif Nərimanlı “Şərq”ə bildirib ki, Seyran Ohanyan Ermənistan parlamentinin tribunasına separatçı-terrorçuların qondarma əski parçasını taxaraq, iclası tərk etmiş, dəstəsi ilə Qarabağa yola düşmüşdü. Analitik qeyd edib ki, Paşinyanın partiyasını təmsil edən deputatlar isə Ohanyana etiraz edərək, əski parçasını tribunadan götürmüşdülər: 

“İrəvanda yaşanan bu qalmaqaldan sonra Ohanyanın rəhbərlik etdiyi deputat qrupunun Qarabağa buraxılmamasına görə “Ermənistan” bloku Paşinyanı Azərbaycanla “əməkdaşlıq”da ittiham edir. Brüssel görüşü və sonrasında müxalifətin Qarabağ kartından hakimiyyətə qarşı istifadə etməsi daha intensiv hal alıb. Ermənistanın müxtəlif yerlərində qondarma əski parçasını asmaq kampaniyası da bu prosesin tərkib hissəsidir. Azərbaycanla sülh sazişinə qarşı çıxan “Qarabağ klanı”nın qalıqları Paşinyan üçün ciddi “baş ağrısına” çevrilib. Bu təxribatçı qrupun Azərbaycan ərazisinə buraxılmaması onların Qarabağ kartından istifadə imkanlarını, xüsusilə Xankəndidəki separatçı “deputatlar”la birləşərək, təxribat fəaliyyətini məhdudlaşdırır. Eləcə də baş separatçı Araik Arutyunyanın Paşinyana qarşı “alternativ” düzəltmək təşəbbüsünü zərərsizləşdirir. Daşnakların səfərində məqsəd Qarabağın “müstəqillik” iddialarına dəstək tədbirinin təşkil edilməsi olub. Ermənistan XİN-nin deputatların qarşısının alınması ilə bağlı narahatlığını dilə gətirməsi rəsmi İrəvanın müxalifətin iddialarını təkzib etməsi deməkdir”. 

Ekspert vurğulayıb ki, rəsmi Bakı Koçaryanın dəstəsinin Qarabağa girişinə qadağa qoymaqla birdən çox gediş edir: 

“Bununla Ermənistanda Qarabağ kartından istifadə edilməsi imkanını azaldır. Digər yandan Ermənistan hakimiyyətinə qarşı müxalifətin rıçaqlarını zəiflədir. Bu, Brüsseldə ölkə başçısı İlham Əliyevlə razılaşan Paşinyanın önünü açır. Həm də erməni müxalifətinin hakimiyyətə qarşı ittihamlarını gücləndirir və bu gedişlə Bakı İrəvanın siyasi gündəminə təsir edir. Eyni zamanda Qarabağdakı separatçı-terrorçuların “müstəqillik” iddialarına dəstəyin çevrəsini daraldır. Burada əsas diqqət çəkən məqamlardan biri də sülhməramlıların Azərbaycanın istəyini yerinə yetirməsidir. Mümkündür ki, Qarabağdakı son proseslərdə Bakının prinsipial mövqe sərgiləməsindən sonra sülhməramlı kontingentin rəhbərliyi - Rusiya tərəfi əlavə qarşıdurmanın yaranmasını istəmir. Erməni deputatların geri qaytarılması bütün hallarda Qarabağda Bakının mövqeyini gücləndirən məqamdır”.