Dünya Azərbaycanlılarının V Qurultayı! – “Şuşada ilk böyük görüşü olacaq”

Vaqif Həsənov:“ Rumın oxucular Azərbaycanın mədəniyyət paytaxtı ilə bağlı daha dolğun və düzgün məlumat alacaqlar”

Xaricdə yaşayan soydaşlarımızın və məsul təşkilatların fəaliyyətinin koordinasiyası daim dövlətin diqqətində olub. Məqsəd hər zaman milli həmrəylik və birlik ideyasının reallaşdırılmasını həyata keçirməkdən ibarətdir. Son 4 ildə 31 ölkəni əhatə edən 14 Koordinasiya Şurası təşkil edilib. 12 ölkədə - Tallin, Varşava, Budapest, Brüssel, Zalsburq Barselona, Köln, Berlin, Münhen, Kiyev, Odessa, Ankara, İğdır, Qahirə, Saloniki, Tbilisi, Marneuli və Qardabani şəhərləri - 18 Azərbaycan Evi yaradılıb.

Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi ilə bağlı hazırlıq işləri yekunlaşmaq üzrədir. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Qurultayın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.

Qurultayın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi, Azərbaycanın Mədəniyyət Paytaxtı Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.
Qurultay iştirakçıları əvvəlcə Bakı şəhərində Fəxri xiyabanı, I və II Şəhidlər xiyabanlarını ziyarət edəcək, daha sonra Şuşa şəhərinə yola düşəcəklər.  

Tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Qurultayın rəsmi açılış mərasimindən sonra Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə dair hesabat verilməsi, “Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr”, “Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri” mövzularında müzakirələrin təşkili planlaşdırılır. Bundan əlavə, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq.

Mövzu ilə bağlı “Sherg.az”a münasibət bildirən Rumıniyada “Azərbaycanın Dostları” Assosiyasiyasının sədri Vaqif Həsənov xaricdəki soydaşlarımıza diqqət göstərməyin vacibliyini vurğulayıb:

“Ruminiyada “Azərbaycanın Dostları” Assosiyasiyasını yenicə təsis etdik. Artıq 2 aydır, rəsmi qeydiyyatdan keçdik. Ukraynadakı son hadisələrdən sonra oradan gələn azərbaycanlıların Rumıniya üzərindən ölkəmizə çatdırılması işini yüksək səviyyədə həyata keçirtdik. Bilirsiniz ki, bu məsələ ilə bağlı, yəni azərbaycanlıların vətənə sağ-salamat təxliyyəsi üçün Azərbaycan  Prezidenti cənab İlham Əliyev göstəriş və tapşırıqlar da verib. Rumıniya ərazisindəki  sığınacaqlarda yerləşdirilən soydaşlarımızla maraqlandıq. Azərbaycanın Rumıniyadakı səfirliyi ilə qarşılıqlı şəkildə fəaliyyət göstərirdik. Həmvətənlilərimizi avtobuslarla Bolqarıstan, Türkiyə və Gürcüstan üzərindən Azərbaycana yola saldıq. Elə insanlar vardı ki, avtobusla uzun yol qət edə bilmirdilər. Kritik vəziyyətlərə görə onları təyyarə ilə göndərdik. Hətta Buxarestdən bir çarter reysi olmaqla qocalar, yaşlı qadınlar, uşaqlı ailələr və bu kimi digər kateqoriyadan olan soydaşlarımız Vətənə təxliyyə olundu. Hadisələrdən 1 ay yarım keçib. Artıq Ukraynaya yenidən qayıtmaq istəyənlər də kömək üçün müraciət edir”.
V.Həsənov Türkiyənin Ukraynadakı müharibə ilə əlaqəli soydaşlarımıza etdiyi jestlərdən bəhs edib:
“Münaqişə başlayan vaxtı qardaş ölkənin Rumıniyadakı səfirliyi və Türk İş Adamları Dərnəyi Buxarestdə sığınacaq açdılar. Onlarla danışdım. Sağ olsunlar, bizə yardım etdilər. Öz vətəndaşları ilə yanaşı Ukraynada yaşayan soydaşlarımızı da bu ölkədən çıxartdılar. Türk hava yolları ilə pulsuz Buxarestdən İstanbula yola saldıq. Çox narahatlıqlar olurdu. Soydaşlarımız  rumın dilini başa düşməkdə çətinliklər çəkirdilər. Sərhədi keçəndə problemlər yaşanırdı, amma bütün bu çətinliklər Səfirliyimiz və Assosiasiyamız tərəfindən vaxtında həll edilirdi”.
Assosiyasiyanın sədri bildirib ki, Rumıniyada müəyyən layihələri və planları var:

“Çalışırıq ki, Ruminiyada yaşayan soydaşlarımız koordinasiyalı şəkildə bir-birilə əlaqədə olsun. Həftədə 1 dəfə görüşsünlər, bir-birlərini tanısınlar və qarşılıqlı dəstək olsunlar. Sayımız çox olmasa da, geniş məlumata sahib olmalıyıq. Azərbaycan və Rumıniya Hökümətlərarası Təhsil Proqramımız var. Hər il bu proqramla təhsil almaq üçün Rumıniyaya 3-4 tələbəmiz gəlir. Diqqətdə saxlayırıq. Hətta fəal tələbələrimizdən biri Xocalı faciəsi ilə bağlı məqalə də yazıb. Biz də Rumıniya mətbuatında bunu işıqlandırdıq. Həmçinin rumın dilində 6 dəqiqəlik Xocalı facisəi ilə bağlı video rolik də hazırlandı. Bildiyiniz kimi bu ili cənab Prezident İlham Əliyev Azərbaycanda “Şuşa ili” elan edib. Rumıniyada Azərbaycanın Dostları Assosiyasiyası olaraq biz də vikipedianıın rumın dili bölməsində "Şuşa ili" çərçivəsində Şuşaya aid bu dildə məqalələr tərcümə edərək yerləşdiririk. Bununlada Rumın oxucuları Azərbaycanın mədəniyyət paytaxtı ilə bağlı daha dolğun və düzgün məlumat alacaqlar”.

Vaqif Həsənov Dünya Azərbaycanlılarının V Qurultayından da danışıb:

“Bildiyiniz kimi artıq bir neçə gündən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun düşmən işğalından azad etdiyi,  Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı keçiriləcəkdir.

  Çox sevindirici haldır ki, belə bir möhtəşəm Zəfər Qurultayına mən də dəvət olunmuşam”.