Qurultayın Şuşada keçirilməsi çox möhtəşəmdir

Aydın Mirzəzadə:"Dünya ictimaiyyəti bilməlidir ki, harada azərbaycanlı varsa, orada inkişaf, tərəqqi, mədəniyyət var"

“Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi ilə bağlı qərar çox möhtəşəmdir”. Bunu “Şərq”ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, dünyanın müxtəlif bölgələrində yaşayan azərbaycanlılar növbəti dəfə tarixi torpaqlarına bağlı olduqlarını, adət-ənənələrini, mədəniyyətlərini, milli irsi qoruyub saxlamaqda maraqlı olduqlarını göstərirlər: 

“Bu qərar soydaşlarımızın Azərbaycan dövlətinə bağlılığının da gözəl bir nümunəsidir. Qurultayın məhz Şuşada keçirilməsi Azərbaycanın öz torpaqlarına sahib çıxmasını və bunun dünya əhəmiyyətli bir hadisə olduğunu ortaya qoyur. Şuşa azərbaycançılıq simvoluna çevrilib. 

Orada vaxtaşırı dövlət tədbirlərinin keçirilməsi Şuşanın mədəniyyət paytaxtı elan olunmasının əhəmiyyətini daha yaxşı ortaya qoyur. 

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Şuşaya səfər etməklə erməni vandalizminin şahidi olacaqlar. Digər yandan isə orada gedən quruculuq-bərpa işlərini görəcəklər. 

Təbii ki, gördüklərini, əldə etdikləri məlumatları dünyaya yayacaqlar. Azərbaycan xalqının öz dövlətçiliyini necə çətinlik və əzmkarlıqla qurduqlarını, qoruduqlarını biləcəklər.

 Bununla yanaşı, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın uğurları, nailiyyətləri ilə də qürurlanacağıq. Dünya ictimaiyyəti bilməlidir ki, harada azərbaycanlı varsa, orada inkişaf, tərəqqi, mədəniyyət var. 

Şuşada qurultayın keçirilməsi işğaldan azad olunmuş zonalara xaricdən investisiya qoyulmasına, turist axınlarının artmasına da ciddi töhfə verəcək. Bu da hər birimiz üçün sevindiricidir”.