Media nümayəndələri Oxçuçaydakı vəziyyətlə tanış olub


Ermənistanın Oxçuçay çayını çirkləndirməsi ilə yerində tanış olmaq məqsədilə Zəngilan rayonuna mediatur təşkil edilib.

"Report"un Zəngilana ezam olunan əməkdaşı xəbər verir ki, səfər zamanı media nümayəndələrinə Oxçuçayın çirklənmə səbəbləri və ağır nəticələri barədə məlumat verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva məlumat verib ki, 2021-2022-ci illərdə Oxçuçayda 58 monitorinq keçirilib: "Oxçuçay üzərində mütəmadi analizlər aparılıb. Məlum olub ki, çayda çirklənmə normadan 5-7 dəfə çoxdur. Təəssüf ki, çirklənmələr bu gün də davam edir. Çayda ən çox çirklənmə halları yanvar- mart və iyun -avqust ayları, əsasən azsuluq dövlərdə müəyyən edilib. Oxçuçayda çirkləndirici maddələrin yüksək qatılıqları əsasən yuxarı axında Ermənistanla sərhəddə yaxın seçilmiş nöqtədə müəyyən edib. Çayın çirklənməsinə səbəb Ermənistan ərazisində fəaliyyət göstərən Qafan və Qacaran mis-molibden kombinatlarından atılan tullantı sularıdır. Tullantı suları təmizlənmədən birbaşa çaya axıdılır, bu da çayın ağır metallarla çirklənməsinə gətirib çıxarır. Çayın ağır metallarla yüksək səviyyədə çirklənməsi çayın ekosisteminin pozulmasına və orada yaşayan bioresursların məhvinə səbəb olur.

Nazirliyin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov isə qeyd edib ki, Oxçuçayda ekoloji böhran və çirklənmənin davamlı olması nəticəsində ətraf ərazilərin ekoloji riskləri ilə bağlı müvafiq məlumatlar beynəlxalq qurumlara bildirilib.

ETSN rəsmisi vurğulayıb ki, qeydə alınan ölçmə nəticələri, hər bir qiymətləndirmə, aşkar olunan faktların hamısı sənədləşdirilir: "Sonda bütün bu sənədlər müvafiq qurumlara təqdim olunacaq və çirklənməni törədən şirkətlər, müəssisələr qarşısında məsələ qaldırılacaq. Azad olunan ərazilərdə işğal müddətində fəaliyyət göstərən, təbiətə, ətraf mühitə, su ehtiyatlarına, çaylara zərər verənlər mütləq şəkildə məsuliyyətə cəlb olunacaqlar, törətdikləri əmələ görə də cavab verəcəklər".

Mediatur zamanı o da vurğulanıb ki, yaxın zamanlarda Oxçuçayın su keyfiyyətinə nəzarət fasiləsiz onlayn şəkildə həyata keçiriləcək. Qonşu ölkələrin ərazilərindən keçərək Azərbaycana daxil olan çaylarda transhərhəd çirklənmənin onlayn şəkildə müəyyən edilməsi məqsədilə keyfiyyət sensorları ilə təchiz olunmuş avtomat hidroloji stansiyaların quraşdırılması prosesi davam edir və bu ilin ikinci rübündə işlər tamamlanacaq. Quraşdırılacaq avtomat stansiyalar isə istənilən anda həm çayların hidroloji rejimini, həm də suyun keyfiyyətindəki dəyişiklikləri fasiləsiz olaraq izləmək və vaxtlı-vaxtında lazımi tədbirlər görmək imkanı verəcək. Müvafiq təşkilatlar üçün məlumat əldə edilməsində əlçatanlıq təmin ediləcək.

FOTO: Samirə Həsənova