Böyük Qayıdış reallaşır

Prezidentin Şuşaya və Füzuliyə səfəri Qarabağda quruculuq işlərini sürətləndirir

"Azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır"

   Mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində səfərdə olublar. Dövlət başçısı və birinci xanıma Şuşadakı inzibati binada aparılan son tamamlama və binanın ətrafında həyata keçirilən abadlıq işləri barədə məlumat verilib. Prezident və Birinci-vitse prezident Mehriban xanım Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şirin su hamamında, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evində, Mehmandarovlar malikanə kompleksində aparılacaq bərpa işləri ilə tanış olublar. 

Ölkə rəhbərliyi “Shusha Boutique Hotel”də və Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə də tanış olublar. Sonra Prezident İlham Əliyev Şuşa şəhərində “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib. Mayın 10-da, yəni ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günü Şuşaya səfər edən dövlət başçısı vurğulayıb ki, Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərib. Ölkə rəhbəri qeyd edib ki, ulu öndərin, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır: “Bu gün ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümüdür. Bu gün Füzuli və Şuşa şəhərlərinə səfər etmişəm. Keçən il mayın 10-da Naxçıvanda idim. Bu il mayın 10-da isə Qarabağdayam, işğaldan azad edilmiş Qarabağda. 

Xalqımız üçün ən çətin anlarda xalqın yanında olmuşdur, Azərbaycan xalqını böyük bəlalardan, faciələrdən xilas etmişdir. Heydər Əliyev Azərbaycan dövlətçiliyinin, Azərbaycan dövlətinin banisidir, onun qurucusudur. O, öz həyatını xalqa həsr etmişdir və onun ən böyük arzusu Qarabağı yenidən azad görmək, ərazi bütövlüyümüzü bərpa etmək idi. O, öz fəaliyyəti ilə dövlət quruculuğu, ordu quruculuğu sahələrində gördüyü işlər nəticəsində dövlətin əsasları yaradıldı və ölkəmiz inkişaf yoluna qədəm qoydu. Əfsuslar olsun ki, atam bu günü görə bilmədi. Onun kimi yüz minlərlə azərbaycanlı bu günü görmədən həyatdan getdilər. Biz - onların davamçıları onların işini tamamladıq, atamın vəsiyyəti yerinə yetirildi. Bu gün atamın, bu günü görmədən həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır. Biz onların ruhunu şad eləmişik”.
Prezident bəyan edib ki, biz doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq: “Bu gün Qarabağ dirçəlir. Bu gün Füzulidə və Şuşada bir neçə tədbirdə iştirak etmişəm. Bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur. Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik. Bu gün mayın 10-da mən mütləq burada olmalı idim. Ulu Öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”. 

Millət vəkili, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Hikmət Babaoğlu “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri ayrıca bir hadisəyə çevrilir. Deputatın sözlərinə görə, edilən səfərlər illərlə həsrətində olduğumuz, xəyallarımızda qurduğumuz Böyük Qayıdışı reallaşdırır:

 “May ayının 10-da Füzuli rayonunda bir sıra mühüm obyektlərin təməli qoyuldu. Bunların sırasında 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanasının və ildə 800 tələbə qəbul edə biləcək Peşə Liseyinin təməlinin qoyulması azad edilmiş ərazilərimizdə məskunlaşmanın və məşğulluğun təmin edilməsi istiqamətində xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda Füzuli şəhərində yeni yaradılacaq mərkəzi park kompleksinin ərazisinin seçilməsi və  orada Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci-vitse prezident Mehriban Əliyevanın ağac əkməsi təkcə yeni parkın təməlinin qoyulması deyil. Həm də illərlə erməni vandallarının ekologiyamıza vurduqları zərərin dünyaya nümayiş etdirilməsidir. Azərbaycanın bu barbarlığa cavab verməsi hadisəsidir”. 

Parlament üzvü qeyd edib ki, səfər çərçivəsində Şuşada tarixi abidələrimizin bərpa edilməsi, bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən görülən işlər mədəniyyət paytaxtımızın tarixi simasının bərpa olunması baxımından mühüm əhəmiyyət kəsb edir:

 “Azərbaycanın ziyalı mühitinə görkəmli şəxsiyyətlər bəxş etmiş Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri, məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evin restavrasiya edilməsi Heydər Əliyev Fondunun maddi-mədəni irsimizin bərpa edilərək yenidən xalqımıza qazandırılması istiqamətində həyata keçirilən böyük işlərin davamıdır. Heç şübhəsiz, Prezident İlham Əliyevin Şuşadan məhz may ayının 10-da, Ulu Öndər Heydər Əliyevin doğum günündə Azəraycan xalqına müraciət etməsi dövlətçilik tariximiz və milli yaddaşımızın yenilənməsi baxımından xüsusi məna kəsb edirdi. 

Çünki Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. Torpaqlarımızın işğaldan azad edilməsi isə milli dövlətçiliyimizin xilas olunması idi. Məhz Prezident İlham Əliyev xalqımızın ümummilli arzusunu reallığa çevirən Müzəffər Ali Baş Komandan kimi, dövlətçiliyimizin gələcəyini təmin edən böyük siyasətçi kimi xalqımıza müraciət etdi. 

Keçdiyimiz bu zəfər yolunu Heydər Əliyev ideya və arzularının təntənəsi kimi qiymətləndirdi. Onu Azərbaycan dövlətçiliyinin banisi adlandırdı. Bu mənzərə qürurverici idi və hər bir azərbaycanlıda fəxarət hissi yaradırdı”.