Qarabağ cənnətə çevriləcək


Bütün işlər Prezidentin və birinci xanım Mehriban Əliyevanın nəzarəti və diqqəti ilə həyata keçirilir

“10 may tarixində Prezident cənab İlham Əliyev və Birinci-vitse prezident Mehriban xanım Əliyevanın Füzuli və Şuşa şəhərlərinə növbəti səfəri çox maraqlı məqamlardan xəbər verir”. Bu sözləri “Şərq”ə açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib. Deputat bildirib ki, 10 may hər bir Azərbaycan vətəndaşı üçün çox önəmli gündür: “Mayın 10-u ulu öndər Heydər Əliyevin doğulduğu gündür. Ümummilli liderin anadan olmasının 99-cu ildönümündə məhz Şuşada dövlət başçısı İlham Əliyevin xüsusi mesajlar səsləndirməsi rəmzi məna daşıyır. Həmçinin, Şuşanın və digər torpaqlarımızın işğaldan azad edilməsi ulu öndərin siyasətinin davamının təntənəsi kimi dəyərləndirilməlidir. 

Ümummilli lider əminliklə inanırdı ki, torpaqlarımız işğaldan azad olunacaq. Onun əsasını qoyduğu siyasət cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Nəticədə biz torpaqlarımızı işğaldan azad etdik. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğala son qoyulan gündən bu yana mütəmadi olaraq həmin ərazilərə səfərlər edirlər. Şəhərlərin baş planlarının təsdiqlənməsi, quruculuq-bərpa işlərinin aparılması və prosesin nəzarətdə saxlanması Qarabağın qurulmasına çox böyük önəm verildiyini göstərir. Biz işğaldan azad olunmuş ərazilərimizi ən qısa zamanda cənnətməkana çevirmək istəyirik. Dövlət başçısı İlham Əliyevin Füzuli və Şuşaya növbəti səfərlərində də bu məqsəd və mətləbə diqqət çəkilməlidir. Şuşa şəhəri Azərbaycanın və türk dünyasının mədəniyyət paytaxtıdır. O baxımdan Şuşa şəhərində hər bir daşın yerinin dəyişdirilməsi belə xüsusi nəzarətlə həyata keçirilir. Tarixi abidələrin bərpasına önəm verilir və çalışılır ki, şəhər əvvəlki qədim və tarixi görkəmini qaytarsın. Bütün bu proseslər isə ölkə başçısı cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın nəzarəti və diqqəti ilə həyata keçirilməkdədir. Xüsusi vurğulamaq lazımdır ki, bu işlərdə Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun maddi-mənəvi tarixi abidələrin bərpası işində önəmli təcrübəyə malik olması Qarabağdakı quruculuq işlərinə də önəmli töhfələr verməkdədir”. 

Parlament üzvü vurğulayıb ki, Ermənistan tərəfi 30 illik işğal dövründə Azərbaycan ərazilərini viran qoyub, tarixi-dini abidələr dağıdılıb, bütün infrastruktur məhv edilib. Həmçinin, flora və faunaya, ekologiyamıza da böyük ziyan vurulub. O baxımdan işğaldan azad olunmuş ərazilərimizdə yeni binaların tikilməsi və yaşıllığın, meşə massivinin salınması da çox vacibdir:

 “Dövlət başçısı İlham Əliyev və Birinci-vitse prezident Mehriban xanım Əliyeva təməlqoyma mərasimlərində iştirak edərək, salınan parklarda ilk ağacları məhz özləri əkərək quruculuq və bərpa prosesinə töhfə verirlər. Bir məqamı qeyd edim ki, ulu öndərin ən çox sevdiyi ağac xan çinar idi. Füzulidə də xan çinarları əkildi. Qarabağ Dirçəliş Fondu tərəfindən də işğaldan azad edilmiş ərazilərdə mühüm işlər görülməkdədir. Fond yaradıldığı gündən etibarən bölgənin dirçəldilməsi üçün investisiyaların cəlb edilməsi, vəsaitlərin toplanması və bütün səylərin birləşdirilməsi istiqamətində ciddi addımlar atıb. İşğaldan azad edilmiş şəhərlərdə parkların salınması da məhz Qarabağ Dirçəliş Fondu tərəfindən həyata keçirilir”.