Şuşa Realnı Məktəbinin bərpası mühüm təşəbbüsdür

Ölkə rəhbərinin bu istiqamətdə verdiyi tapşırıqlar və tövsiyələr də təqdirəlayiqdir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə də tanış olublar. Təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verib. Qeyd olunub ki, fəaliyyətə 1881-ci il sentyabrın 20-də başlayan Şuşa Realnı Məktəbi həm tədrisi, təhsil ənənələri, həm də yetişdirdiyi görkəmli şəxsiyyətlərlə bütün Cənubi Qafqazda seçilən təhsil ocaqlarından biri idi. Əvvəlcə 6 sinifdən ibarət olan və 159 şagirdi qəbul edən məktəbin Haşım bəy Vəzirov, Yusuf bəy Məlikhaqnəzərov kimi pedaqoqları, Əbdürrəhman bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Xudadat bəy Məlik-Aslanov, Cavad bəy Məlik-Yeqanov, Əhməd bəy Ağaoğlu, Xan Şuşinski kimi parlaq yetirmələri olub. 

Xalqın maariflənməsi, elmə yiyələnməsi işində müstəsna xidmətləri olan Şuşa Realnı Məktəbinin binasında sonradan bir sıra digər təhsil müəssisələri fəaliyyət göstərib. Şuşa şəhəri 1992-ci ilin mayında işğal edildikdən sonra bir çox tarixi yerlərlə bərabər bu məktəb də erməni vandalları tərəfindən yandırılaraq xarabazara çevrilib. Prezident və birinci xanım Şuşadakı inzibati binada və Şirin su hamamındakı bərpa işlərinə baxıblar. Prezidentin köməkçisi Anar Ələkbərov məlumat verib ki, tarixi Şirin su hamamında bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Milli memarlıq ənənələrini özündə əks etdirən hamamın birmərtəbəli binası plan kompozisiyasına görə düzbucaqlı formadadır. Hamam ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır və tarixi görkəmi qorunub saxlanılmaqla bərpa ediləcək. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri qədim mədəniyyət və memarlıq abidələri ilə zəngindir. 

Qədim Şuşanın 17 məhəlləsinin hər birində hamam, məscid və bulaq olub. Şəhərin Mərdinli məhəlləsində yerləşən Şirin su hamamı 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunub. Bu hamam isə Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi içməli şirin su ilə təchiz edilib. Məhz buna görə də hamam “Şirin su” hamamı adlandırılıb. 1986-cı ildə aparılan ölçü işlərindən sonra memar Ədalət Məmmədov tərəfindən hazırlanan layihə üzrə abidədə əsaslı bərpa-təmir işləri görülüb. Şirin su hamamı 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal edilənədək öz təyinatı üzrə fəaliyyət göstərib. İşğal dövründə digər bütün abidələrimiz kimi bu qədim hamam da ermənilər tərəfindən dağıdılıb.

Tarixçi-alim Faiq Ələkbərli “Şərq”ə bildirib ki, Qarabağda tarixi tikililərin bərpa olunması son dərəcə vacibdir:

 “Şuşa Realnı Məktəbinin və Şirin su hamamının əslinə uyğun təmir olunması çox mühüm təşəbbüsdür. Biz bunu təqdir edirik və alqışlayırıq. Ölkə rəhbərinin bu istiqamətdə verdiyi tapşırıqlar və tövsiyələr də təqdirəlayiqdir. Şuşada mühüm əhəmiyyət kəsb edən tarixi tikililərin, ələlxüsus Realnı Məktəbin bərpası tarixi ənənələrin bərpası deməkdir. Görülən işlər Şuşa şəhərinə olan diqqət və marağı daha da artıracaq. Şübhə yox ki, tarixi abidələrin bərpa-təmir işləri sadəcə Şuşa ilə yekunlaşmayacaq. Ağdamda və Qarabağın digər bölgələrində də əsaslı təmirə və əslinə qayıdışa ehtiyacı olan qədim tarixi tikililərimiz kifayət qədərdir. Şuşa gələn il türk dünyasının mədəniyyət paytaxtı elan edilib. Görünür, gələn ilə kimi Qarabağda xeyli ciddi işlər görüləcək”.