Qarabağda "rus icması", "rus mərkəzi" Kremlin təxribatıdır


Məqsəd sülhməramlıların Qarabağda qalma müddətini uzatmaqdır

Rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan hissəsində, keçmiş Ağdərə rayonunda “Rus mərkəzi” açılıb. Bu barədə erməni separatçı tör-töküntüləri açıqlama yayıblar. Bildirilib ki, mərkəz “rus dili və mədəniyyətinin öyrədilməsi” ilə məşğul olacaq. Mərkəzin guya mesenatlar sayəsində açıldığı, xeyriyyəçilərin tədris materialları və mebel verdiyi iddia edilib. Ekspertlərin fikrincə, Rusiyanın Qarabağ iqtisadi rayonu ərazisində “Rus icması” yaratması, “Rus mərkəzi” açmasının heç bir ictimai-sosial məntiqi yoxdur. Çünki Qarabağda ümumilikdə 27 min erməni yaşayır. Dünyanın ən böyük ərazisinə malik olan Rusiyanın əhalisinin hər il bir milyon azaldığını və hazırda 138 milyona düşdüyünü nəzərə alsaq, rusların Qarabağa köçürülməsi də mümkün deyil. Buna baxmayaraq, burada “icma” yaradılır. Şübhəsiz, bunun səbəbi yalnız siyasi məqsədlərdir. 

AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli “Şərq”ə bildirib ki, Qarabağa rus sülhməramlıları yerləşdirildiyi gündən etibarən provokasiyaların arxası kəsilmir. Ekspertin sözlərinə görə, Qarabağda “rus icması” məsələsi Kremlin məqsədli şəkildə ortaya atdığı təxribatdır:

 “Qarabağda ruslar yaşamayıb. Orada hansısa “rus icması”ndan söhbət gedə bilməz. Sadəcə keçmiş Ağdərə rayonunun Kuropatkino kəndində azsaylı ruslar var idi. Onlar da Birinci Qarabağ müharibəsi başlayan kimi oradan köçdülər və bir də geri qayıtmadılar. İndi ortaya “rus dili”, “rus icması” söz-söhbətini atan Rusiya torpaqlarımız 30 il işğal altında olan niyə bu canfəşanlığını göstərmirdi? Ərazimiz erməni işğalında olan rus toplumu və dili Moskvanı düşündürmürdü. Aydındır ki, “icma” məsələsi Rusiya və Ermənistanın birgə təxribatıdır. Məqsəd sülhməramlıların Qarabağda qalma müddətini uzatmaq, rəsmi Bakının bölgəyə tam nəzarəti ələ almasına mane olmaqdır. Ermənilər də torpaqlarımızda rusun mövcudluğundan yararlanaraq öz ambisiyalarını həyata keçirmək istəyirlər. Qarabağdakı təxribatlara birdəfəlik son qoymağın yeganə yolu rus sülhməramlılarının bölgəni tərk etməsinə nail olmaqdır. Xankəndi və ətrafı Azərbaycanın yurisdiksiyasına keçdikdən sonra rus və erməni təxribatları da bitəcək. Əks halda provokasiyalar elə həddə çatar ki, bölgə bizim üçün əlçatmaz olar”.