Şuşa tarixi ənənələrini davam etdirəcək

Beynəlxalq festivallar Azərbaycanın nə qədər böyük mədəniyyətə sahib olduğunu ortaya qoyur

Mayın 12-14-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçirilib. Festival çərçivəsində milli rəqs, muğam sənəti təqdim olunub. Ölkəmizin müxtəlif regionlarını və milli azlıqları təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib. Azərbaycan xanəndələrinin müxtəlif illərdə Şuşada lentə alınmış ifalarından ibarət videoçarxlar nümayiş etdirilib, klassik musiqi əsərləri təqdim olunub.  

Sayca beşinci festivalda xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri iştirak etdilər. Bu, o deməkdir ki, dünya ölkələrindən gəlmiş musiqiçilər işğaldan azad olunan Şuşamızdadırlar və öz ölkələrində bu gözəl diyarın nağılvari təbiət gözəlliklərindən danışacaqlar. 

Festivalla bağlı “Şərq”ə danışan millət vəkili Cavid Osmanov deyib ki, Azərbaycan Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixinin ən parlaq qələbəsini qazandı və torpaqlarımız işğaldan azad olundu. Deputat qeyd edib ki, torpaqlarımız işğaldan azad edildikdən dərhal sonra sürətli bərpa-quruculuq işlərinə start verildi. Eyni zamanda cənab Prezidentin Sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan olundu:

 “Şuşa qısa müddət ərzində mühüm tədbirlərə ev sahibliyi edir. Şübhəsiz, bütün tədbirlər önəmli tarixi hadisələrdir. Mayın 12-14 tarixlərində Birinci-vitse prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada beşinci “Xarıbülbül” festivalı keçirildi. Tədbirin açılış mərasimində dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da iştirak etdilər. Festivala yerli mədəniyyət və incəsənət xadimləri ilə yanaşı, xarici sənətkarlar da qatılmışdı. Əlbəttə, belə tədbirlərin böyük rəmzi mənası var. Şuşa işğal dövrünə kimi mədəniyyət ocağımız idi. Şuşada işğaldan əvvəlki dönəmlərdə də “Xarıbülbül” festivalları, “Vaqif poeziya günləri” və digər mötəbər tədbirlər keçirilirdi. Azadlığa qovuşan Şuşa şəhəri yenidən öz ənənələrini davam etdirməkdədir. Bu, onu göstərir ki, Şuşanın əsl sahibi Azərbaycan xalqıdır. Beynəlxalq festivallar Azərbaycanın nə qədər böyük mədəniyyətə sahib olduğunu ortaya qoyur. Eyni zamanda ölkəmizin multikultural dəyərlərə, tolerantlığa sadiqliyini nümayiş etdirir.

  Şuşaya gələn əcnəbilər də bu reallıqları yaxından görmə şansı qazanırlar. Həmçinin, erməni vandallığının da şahidi olurlar”.