Ağalıya köç başladı! – “Bu günü ikinci “Zəfər günü” adlandırırlar”

Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə start verilib. Uzun və həsrət dolu illərdən sonra Ağalı sakinlərinin geri qayıtması hər kəsdə sevinc, fərəh və ən əsası qürur hissi yaradıb. İllərdir doğma yurd-yuvalarından ayrı düşmüş sakinlərin sevinci gözlərindən oxunub.

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülüməsinin birinci mərhələsinə həsr edilmiş tədbir Abşeron rayonunun Masazır kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində keçirilib. Məcburi köçkünlərin ilk qrupu Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyindən” Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə öz doğma yurd-yuvalarına yola salınıb.

Ağalı kənd sakinlərinin öz yurdlarına qayıdışını “Sherg.az”a şərh edən Elşad Eyvazlı  bildirib ki, bu gün 44 günlük zəfərimizin hər tərəfli nəticələrini yaşayırıq:

“Hətta bu günü ikinci Zəfər günü belə adlandırırlar. Doğru da deyirlər. Artıq bununla da bizim “Böyük Qayıdış”ın başlanğıcı qoyuldu. Hesab edirəm ki, artıq digər keçmiş məcburi köçkünlər də bu xəbərdən sonra öz yurdlarına qayıtmağa səbirsizlənəcək. Birmənalı şəkildə bütün bunlar Azərbaycanın möhtəşəm qələbəsinin nəticəsi kimi dəyərləndirilməlidir. Hətta deyərdim  ki, Ağalı kəndinin sakinləri çox xoşbəxtdirlər ki, ilk olaraq onlar geri dönürlər. Bununla tarix yenidən yazılır.
Mən həm sakinləri, həm də bütün Azərbaycan xalqını təbrik edirəm. Artıq bizim geriyə dönüşümüz başladı. Düşünürəm ki, bu davamlı olacaq. Çünki erməni işğalından azad olunan bütün bölgələrimizdə quruculuq və bərpa işləri gedir. Gözümüzü yumub-açacayıq ki, bütün azad olunmuş rayonların sakinləri öz ev-eşiklərindədir”.