Zamanı çatanda atəş də açılacaq

Qarabağa silah daşınması ciddi olaydır, yaxşı ki, Azərbaycan silahlı qüvvələri qarşısını alıblar


  “Rusiya sülhməramlıları Qarabağa ayaq basdıqları gündən etibarən bölgəyə erməniləri daşımaqla və onlara bütün imkanları yaratmaqla məşğul olur”. Bu barədə “Şərq”ə AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli deyib. Partiya təmsilçisi bildirib ki, əfsuslar olsun ki, iki ilə yaxındır rus sülhməramlı qüvvələri eyni fəaliyyəti icra edirlər: “Ruslar Qarabağda arbitr rolunu yox, ermənilər tərəfindən çıxış edən qüvvə rolunu oynayırlar. Sülhməramlı kontingentə məxsus maşınlarda erməni separatçılarına gizli yollarla silah daşınması da bunun əyani isbatıdır. 

Çox ciddi olaydır və yaxşı ki, Azərbaycan silahlı qüvvələri qarşısını alıblar. Əminəm ki, bu, ilk hadisə deyil. Sadəcə görünür, vəziyyət o həddə çatıb ki, dövlətimiz təxribatın qarşısını alıb və hadisə ictimailəşib. Qətiyyən buna yol vermək olmaz. “Sülhməramlı” adı ilə erməniyə silah-sursat daşıyanlar ümumiyyətlə ölkəmizdən qovulmalıdır. Rusiya sülhməramlı kontingentinə və Moskvaya sərt xəbərdarlıq edilməlidir. 

Əgər yenidən təkrarlanarsa, cavabımız daha ciddi olmalıdır. Dərhal öz silahlı qüvvələrimizi həmin bölgələrə yerləşdirmək məcburiyyətində qalacağıq. Xocalının Şuşakənd ərazisində qanunsuz erməni silahlıları özlərinə səngər qazırlar. Rusiya sülhməramlıları da heç nə olmamış kimi bunu izləyir. Belə olan təqdirdə ermənilər özlərini çox rahat hiss edirlər, arxayınlaşırlar. 

Zamanında zərərsizləşdirilməsələr bir müddət sonra hərbçilərimizə atəş açmağa cəhd göstərəcəklər. Ona görə də Moskva qarşısında konkret tələblər qoyulmalı, Qarabağda anti-terror əməliyyatlarına başlanmalıdır”.