Xankəndiyə yol görünür...

“Biz erməni əhalisini öz tərəfimizə çəkməliyik”

Kərim Kərimli: “Mən 100 faiz əminəm ki, indi də Azərbaycan dövlətinin vətəndaşı olaraq sakit, rahat yaşamaq istəyən, buna can atan ermənilər var”

“Qarabağ münaqişəsi həll edilməmiş zamanlarda ermənilər arasında Xankəndini tərk edib getmək istəyənlər çox idi. Onlara icazə verilmirdi”


  Laçın-Xankəndi yolunda ekofəalların dinc aksiyası artıq 40-cı gününə yaxınlaşır. Aksiyanın məramı, məqsədi bəllidir; yurdumuzun təbii sərvətlərinin separatçılar tərəfindən talanmasına son qoyulması, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdə faydalı qazıntı yataqları ilə bağlı mütəxəssislərin monitorinq aparmasına şərait yaradılması. Nəzərə alsaq ki, aksiya barədə geniş məlumatların verilməsi ilə beynəlxalq aləm də bundan xəbərdardır, aksiyanın məqsədinə çatdığını söyləmək olar. Bu aksiyanın mənəvi tərəfi isə daha böyükdür, bizcə. 40 gündür ki, Azərbaycan insanı üzü Xankəndiyə tərəf dayanıb. 

Zatən bu vaxta qədər də üzümüz daim Qarabağa, Xankəndiyə idi, amma hazırkı aksiyada üzümüzü, səmtimizi həm də fiziki olaraq, canlı halda Xankəndiyə tutmuşuq və belə görünür ki, Xankəndiyə ayaq basmamış yoldan dönəsi də deyilik. İndiyədək Xankəndi doğumlu insanlarımızla çox söhbətlər etmişik. Bu şəhər haqqında onların acı-şirin xatirələrini dinləmişik. Budəfəki həmsöhbətimiz isə əslən Xankəndidən deyil, amma bu şəhərə bağlı və bu şəhəri çox sevən biridir. Bizim daim böyük şuşalı adlandırdığımız, hər dəfə də onun haqqında mübaliğəsiz Şuşanı ovcunun içi kimi bilən tanıtımı etdiyimiz yazıçı-publisist, şair və jurnalist, şuşalı Kərim Kərimlidir. Kərim bəyə ilk sualım, aksiya barədə olmalıydı.   Ancaq fikrimi dəyişdim. Laçın-Xankəndi yolundakı aksiya həm də məhz Xankəndiyə aparan yol olduğundan Kərim bəydən bu şəhərlə bağlı xatirələrini bölüşməsini istədim. Bəli, Qarabağ xanlığının istirahət məskəni olaraq salınan şəhərin adının “Stepanakert”ə necə döndüyünü bilməyən yoxdur. Onu deyim ki, “Stepanakert” adı milli düşüncəli insanlarda həmişə narazılıq yaradıb. Sovet hakimiyyətində buna etirazlar qəbuledilməz sayılırdı və insanların narazılığı da ürəklərində qubar olaraq qalırdı ki, Xanın kəndinə Qarabağda, cümlə-Azərbaycanda türklərə - azərbaycanlılar qarşı soyqırımlara rəhbərlik etmiş “kommuna lideri”nin adı niyə verilməlidir?!. Ermənilər Xankəndini Stepanakert etsələr də, nə bu şəhərin milli ruhunu qopara bildilər, nə də yerli xalqın - Azərbaycan türklərinin Xankəndiyə sevgiləri azaldı. Bunu Kərim bəy də təsdiq etdi.  

- Kərim bəy, inkar edə bilmərik ki, sovet vaxtı Stepanakert adlandırılmış Xankəndi həm də ozamankı Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati mərkəzi, paytaxtı idi. Və həm də ermənilər şəhəri “erməniləşdirmişdilər”. Siz necə, Xankəndidə olmuşdunuzmu, gedirdinizmi o şəhərə, yaddaşınızda necə qalıb? Xoşunuz gəlirdi o şəhərdən?  

- Uşaq vaxtı valideynlərimlə getmişəm, yuxarı siniflərdə təhsil alanda da dəfələrlə getmişəm. Sonra ali məktəbi bitirdim, Şuşada işləyirdim, yenə Xankəndiyə gedirdim, Qarabağın işğalından əvvəl, sonuncu dəfə səhv etmirəmsə, 1991-ci il avqustun 22-si, ya da 24-ü olmuşdum Xankəndidə. İşğaldan sonra bir də 1998-ci ilin avqustunda getmişəm. Beynəlxalq müstəvidə... Şəhəri çox yaxşı tanıyırdım. Xankəndi Şuşaya nisbətən böyük şəhərdi. Şuşa enişli-yoxuşludu, küçələrin hamısını gəzmək olur. Amma Xankəndidə küçələr də çoxdu, bütün şəhəri gəzmək xeyli vaxt aparır. Şəhəri yaxşı gəzmişdim. Soruşursunuz, xoşunuz gəlirdi Xankəndidən? Nəyə görə bilmirəm, Xankəndini çox sevmişəm. “Nəyə görə bilmirəm”, cümləsi içimdən gəldi, təbii ki, sevginin səbəbi məlumdu, Vətənin hər bir nöqtəsini insan sevir, bu, öz yerində. Amma Xankəndini sevməyimin bir səbəbi də yəqin ki, mənim üçün böyük şəhər anlayışının məhz Xankəndi ilə formalaşmasına bağlıdır. Mən böyük şəhərlər necə olur, bunu Xankəndinin timsalında görmüşəm və sevmişəm. Məsələn, indi mənim üçün ən gözəl şəhərlərdən biri Mingəçevirdi. Şəhərin mərkəzindən çay keçir, şəhəri iki hissəyə ayırır, bu, şəhərə əlavə gözəllik qatır. Və şəhərin gözəl görünməsinin səbəblərindən biridir. Xankəndi də böyük və gözəl şəhər idi. Geniş küçələri vardı, Pedaqoji İnstitut, idarələr, parklar, stadion... Sizə deyim ki, Xankəndi ötən əsrin 60-cı illərindən böyüməyə başlamışdı. Xankəndidə bolluq olub həmişə. Qarabağın digər bölgələrində kərə yağı tapılmayanda adamlar Xankəndiyə bazarlığa gəlirdi və istədiklərini alırdılar. Həm də digər bölgələrə nisbətən Xankəndidə ucuzluq idi. Bilmirəm, bunu bilə-bilə edirdilər ki, narazılıq olmasın, yoxsa ərzaq, digər mallar həddindən çox gətirilirdi deyə beləydi. Amma, məsələn, Ağdamda 1 rubla satılan siqaret Xankəndidə 49 qəpiyə idi (yəqin düşünürlərmiş ki, ağdamlılar varlıdı, 1 manata da alarlar siqaret – M.R.) Məsələn, biz Şuşada “Şuşa” qəzetini nəşr etmək üçün klişeni – mətbuat işçiləri bilir bu nədi, Xankəndiyə gəlib alırdıq. Şuşada klişe yox idi. Xankəndidə “Qarabağ” stadionunda futbola baxmışam. Azərbaycan cavanları, xüsusən də sevgililər görüşmək üçün Xankəndiyə gedirdilər. Çünki bizim tərəflərdə belə məsələlər qəbul olunmurdu, pis baxılırdı. Demirəm, ucdantutma hamının görüş yeri idi, amma gedənlər olurdu. Xankəndidə sərbəst gəzib-dolaşırdılar. Şuşadan Xankəndiyə mikroavtobus işləyirdi. Yaxşı restoranları vardı. Yəni böyük şəhəri təmsil edəcək hər şey vardı. Təkcə sevənlər yox, elə hamımız orda sərbəst dolaşırdıq. Bizdə o hiss yox idi ki, kimsə yolumuzu kəsə bilər, kimsə bizə sataşar. Ağlımıza da gəlimirdi qorxaq, çəkinək. Əksinə, Xankəndinin özümüzün şəhəri olması hissiyatımız vardı. Həm mənəvi, həm də maddi baxımdan Xankəndini öz şəhərimiz hesab edirdik. Açıq deyim, erməni dostlarımız, tanışlarımız da vardı. Hansısa işimizi həll etmək üçün idarələrə sərbəst daxil olurduq. Sabir adına küçədə, Kərpiçnıy məhəlləsində, Kərkicahan qəsəbəsində bütünlüklə azərbaycanlılar yaşayırdı. Yəni şəhər mənə doğmadır. 

- Kərim bəy, aksiyada iştirak etməmisiniz deyəsən... 

– Yox, iştirak etməmişəm.  Bir neçə dəfə müraciət etdim, bildirdilər ki, aksiyaya konkret bu müstəvidə - ekologiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri cəlb edilir. Bir neçə dəfə dostların köməyi ilə getmək istədim, hər dəfə nəsə problem yarandı, gedə bilmədim. İştirak etmək istədiyimi bildirəndə, soruşurlar ki, neçə yaşın var, qışdı, soyuqdu, neçə gün dözə bilərsən?  Gülməyim gəlir, sabah mən Şuşada yaşayanda, soruşacaqlar ki, necə qala bilirsən orda, necə dözürsən şaxtalı havaya?!  Qar, şaxta görməmişik məgər?!. 

- Aksiya barədə fikriniz nədi? 

- Hesab edirəm ki, bu aksiya Qarabağ uğrunda mübarizəmizin tərkib hissəsi və növbəti mərhələsidir. Üstünlüyü odur ki, bu, dinc aksiyadır. Heç kimə güllə atmırıq, heç kimi incitmirik. Əsir, girov götürmürük.  Sadəcə, toplaşıb aksiya keçiririk, tələb edirik ki, Azərbaycanın təbii sərvətlərinin daşınmasına, talanmasına son qoyulsun.  Hansı dövlət belə bir hala sakit qalar?! Tələb nədir – ekspertlər gedib yataqlara baxsın, monitorinq aparsın. Burada qeyri-qanuni nə var? Heç nə. Ermənipərəst dövlətlər, səbəbdən çox nəticəni qabartmağa çalışır. Guya ki, Xankəndidəki ermənilər blokadadı, ərzaq tapılmır, uşaq yeməyi tapılmır... Amma deyilmir ki, niyə aksiya keçirilir. Düzdür, aksiyanın gedişatında ilk zamanlar bizim tərəfdən bəzi nöqsanlar oldu. Bu da ona görə baş verdi ki, bəziləri özlərinin reklamına “işləmək” istədi, ümumi maraqları nəzərə almadılar. Əslində ermənilərə olmayan nifrət barədə fikir formalaşdırdılar. Bəziləri özlərini daha çox fədakar göstərməyə çalışır. Belə detallara fikir vermək lazımdır. Baxılmalıdır ki, kimin aksiyada iştirakı ümumi mənafeyimizə uyğundur, kimin yox. Hazırda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə, Xankəndi ətrafında xammal ehtiyatları var və separatçılar necə ki, illərlə onları talan edib, yenə də davam etmək istəyir. Arkadi Manuçarov vardı, Qarabağ mərmər kombinatının, o vaxt tikinti materialları kombinatı idi, onun direktoru idi. “Məşhur” “Krunk” təşkilatının rəhbəri. Sonra Ermənistan Ali Sovetinin, “DQMV”nin deputatı da seçilmişdi. O mərmər yataqları əslində Şuşanındı. Zərrin bağı deyilən ərazidədi. Manuçarov mərmər ehtiyatlarını daşıyırdı, qazanc əldə etdi, separtatçıları silahlandırdı. Qarabağ Avtomobil Nəqliyyatı İstehsalat Birliyinin sədri də, “Qarabağ” stadionunun direktoru da, o zaman Xankəndidəki varlı, vəzifədə olan ermənilər hamısı separatçılıqla və talançılıqla məşğul idilər. 1990-cı illərin əvvəllərində Azərbaycan hökuməti onları həbs etdi, ümumilikdə 102 nəfər Şuşa həbsxanasına salındı. Sonra hərəsi bir yolla azad olundu, soyqırımlara da başçılıq etdilər, separatçı hökumətdə təmsil olundular.    

- Sizcə, aksiya necə sonlanacaq? 

- Deyə bilmərəm. Çünki son hədəfin nə olduğunu bilmirəm. Onu deyə bilərəm ki, birinci növbədə aksiyanın gedişində hər hansı insidentin, hər hansı təxribatın başvermə ehtimalının sıfır olmasına çalışmaq lazımdır. Tam hazırlıqlı olmalıyıq. Təbliğat da düzgün qurulmalıdır. Qarabağda separatçılıq yeni baş qaldıranda bunun əleyhinə olan ermənilər vardı. Onları separatçılar özləri müxtəlif yollarla, vasitələrlə aradan götürürdülər ki, işə mane olmasınlar. Mən 100 faiz əminəm ki, indi də ermənilər arasında Azərbaycan dövlətinin vətəndaşı olaraq sakit, rahat yaşamaq istəyən, buna can atan ermənilər var. Sizə bir faktı deyim. Mən 1998-ci ildə Xankəndiyə səfər edəndə orada bir erməni mənə yaxınlaşıb dedi ki, 200 nəfərlə, Azərbaycan bayrağını əllərində tutaraq cəbhə xəttini keçməyə hazırdırlar. Mənə dedi ki, bunu daxili işlər naziri Ramil Usubova çatdır. Bilirsiz də, sabiq daxili işlər naziri Xankəndi doğumludur, orada işləyib. Mən o erməniyə söz verdim ki, çatdıracam. Bakıya qayıdanda çox çalışdım ki, nazirlə görüşüm. Mümkün olmadı, amma nazirlikdəki digər şəxslərə bunu dedim, ətraflı danışdım erməninin dediklərini. Görünür, o zaman məsləhət olmayıb, ya nəsə başqa səbəb vardı ki, Xankəndidə yaşayan ermənilərin xahişi, istəyi nəzərə alınmadı. Dediyim odu ki, ermənilər arasında separatçılığın, Azərbaycandan ayrılmanın, müharibənin əleyhdarları olub, indi də var. Onlardan istifadə edilməlidir. Onlar qorxurlar açıq müraciət etməyə, bilirlər ki, separatçılar günlərini qara edəcək, öldürəcəklər, işgəncə edəcəklər. Qarabağ münaqişəsi həll edilməmiş qaldığı zamanlarda ermənilər arasında Xankəndini tərk edib getmək istəyənlər çox idi. Onlara icazə verilmirdi. Biz bilirdik ki, ermənilər Qarabağdan çıxmaq üçün bir neçə post keçirlər, postlarda da rüşvət təklif edirlər ki, onları buraxsınlar, yollarını kəsib geri qaytarmasınlar. Xankəndidə zorla saxlanılan ermənilər çox olub. Onlar istəmirdilər övladları hansısa boş, mənasız xülyanın qurbanı olsun. Onların da beyni, düçüncə qabiliyyəti var da. Bilirdilər ki, gec-tez Azərbaycan torpaqlarına sahib çıxacaq, bu vəziyyət ömürlük belə qalası deyil. Başlarının çarəsinə baxmaq istəyirdilər, ancaq separatçılar imkan vermirdi. İndi də belədir. Bu reallıqları nəzərə alaraq biz erməni əhalisinə daha çox müraciət etməli, bəyanatla çıxış etməliyik. Onları inandırmağa çalışmalıyıq ki, Azərbaycan dövləti, Azərbaycan ordusu sizi qoruyacaq. Onları öz tərəfimizə çəkməliyik. 

- Kərim bəy, hər gün məlumat verilir ki, sülhməramlılara məxsus neçə avtomobil keçidi maneəsiz təmin edilib. Sual yaranır axı, bu sülhməramlılar nə aparır, nə daşıyır bu avtomobillərdə?  Bu qədər avtomobil keçidi olar?

- ... Bu, ordudur. Sülhməramlı olsa da. Bunun təminatı var, bəlkə qəfil harasa göndərirlər. Ola bilər, əsəbləri yoxlayırlar. Ona görə deyirəm ki, hər cür təxribat fürsətini sıfıra endirməliyik. 

- Azərbaycan tərəfinin o avtomobillərə baxış keçirmək hüququ var? Bilməyək o avtomobillərdə nə aparıb, nə gətirirlər?

- Belə məsələlər tərəflər arasındakı razılaşmadan asılı olur. İmzalanmış sənəddə sülhməramlı kontingentin avtomobillərinin yoxlanması barədə nə yazılıb, nəsə bir bənd varmı, yoxmu, bilmirik. Hesab edirəm ki, biz sülhməramlıların rəhbərliyi ilə münasibətləri yaxşı saxlamalıyıq. Onlar Xankəndidə, müvəqqəti nəzarətlərində olan ərazilərdə nə qədər insana kömək edir, bu kömək nədən ibarətdir, bu barədə məlumatlı olmalıyıq. Əsas isə daim mənəvi cəhətdən hücumda olmalıyıq. Öz üstünlüyümüzü, qalib olduğumuzu hər fürsətdə yada salmalı, erməni əhalisinə də bizimlə birgə yaşamaqdan başqa yolları olmadığını başa salmalıyıq.