Laçın və Kəlbəcərə yak sürüsü gətirilib


Belə təsərrüfatlarda yetişdirilən heyvanlar bildiyimiz anquslardır

"Yaponiyada bu cür ət “kobe” adlanır. Çox bahalı ətdir, kiloqramı təxminən 600 dollardır. Türkiyədə də hazırda "steak hous"lar geniş yayılıb"

  Laçın və Kəlbəcər rayonlarının yüksək dağlıq ərazilərində fəaliyyət göstərən eksperimental yak təsərrüfatında monitorinqlər davam edir. Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri Qırğızıstandan dəvət olunmuş ekspertlərlə birgə təsərrüfata baxış keçirib, heyvanları müayinə ediblər. Nazirliyin məlumatında qeyd olunur ki, qırğız ekspertlər yak təsərrüfatının idarə olunması ilə bağlı yerli mütəxəssislərə təlim keçib, onlara heyvanların təsərrüfatda və vəhşi təbiətdə davranışları, onlara qulluq qaydaları barədə geniş məlumat veriblər. Xarici və yerli mütəxəssislər arasında heyvan xəstəlikləri, yakların yem rasionu, döl dövrünə hazırlıq və digər mövzular barədə fikir mübadiləsi aparılıb. Təsərrüfatın fəaliyyətini qənaətbəxş hesab edən qırğız ekspertlər yakların sürətli çəki almasını, yerli şəraitə qısa müddətdə adaptasiya olunmasını Laçın və Kəlbəcər yaylaqlarının qış otlaqlarının yem bolluğu, keyfiyyətli su mənbələrinin olması ilə izah ediblər. Yarımvəhşi formada bəslənən yakların otlaq sahələrinə baxış keçirilib, otlaqların vəziyyəti dəyərləndirilib, yay aylarında yakların köç edə biləcəyi potensial ərazilər müəyyənləşib.
  Qeyd edilir ki, ötən ilin dekabrında Azərbaycana ətlik istiqamət üzrə ixtisaslaşmış təsərrüfatın yaradılması üçün Qırğızıstandan 100 baş yak növlü iribuynuzlu heyvan gətirilib. Proses pilot layihə çərçivəsində həyata keçirilib və sınaq məqsədi daşıyır. Yaklar gətirilməzdən əvvəl qırğız ekspertlərin iştirakı ilə Kəlbəcər və Laçın rayonlarında monitorinqlər keçirilərək müvafiq ərazilər seçilib. Dağlıq ərazilərdə soyuq iqlim şəraitində yaşamağa uyğunlaşmış heyvanlar Laçın rayonunda öncədən müəyyən edilmiş ərazidə yerləşdirilib. Yaklar mütəxəssis nəzarətində saxlanılır. Ərazidə heyvanların ovlanmasını qadağan edən xüsusi xəbərdarlıqedici lövhələr quraşdırılıb. Heyvanların təbii şəraitə uyğunlaşma prosesini izləmək üçün Kənd Təsərrüfatı Nazirliyi davamlı monitorinqlər keçirir. Yak heyvan növünun əsas xüsusiyyətlərindən biri xüsusi yem rasionu olmadan təbii otlaq sahəsində yetişdirilməsidir. Örüş-otlaq sahəsində olan bitkilərlə qidalanan yaklar yemə az tələbkardır. Yakların qoxu bilmə hissləri digər heyvanlardan fərqli olaraq daha yaxşı inkişaf edib. Bu səbəbdən yaklar qar altında olan (10-20 sm) bitkiləri hiss etməklə onları çox asanlıqla mənimsəyir. Bu heyvanlar dəniz səviyyəsindən 2500-4000 m yüksəklikdə yerli şəraitə daha yaxşı adaptasiya olunurlar. 25 ilə qədər yaşaya bilən yakların südünün yağlılığı 9 faizə qədərdir. Ət çıxımına və keyfiyyətinə görə bu heyvanların yetişdirilməsi iqtisadi cəhətdən səmərəlidir.
  Ekspertlər hesab edir ki, işğaldan azad edilmiş torpaqlarda müxtəlif növ heyvanların bəslənməsi kənd təsərrüfatının inkişafı ilə yanaşı, faunanın bərpasına xidmət edir. Üstəlik, iribuynuzlu mal-qaranın artımı, ətlik, südlük heyvanların bəslənməsi, çoxaldılması ərzaq təminatı məsələsinə də fayda verəcək. Amma məsələ, yeni növ heyvanmənşəli ətlərdən hansı formada, hansı istiqamətdə istehlak ediləcəyidir. Əhali yeni ət növlərini qəbul edəcəkmi? Başqa bir məsələ, yeni növ ət məhsullarının başqa ad altında deyil, öz adı ilə satışa çıxarılmasıdır. Çünki at, eşşək, hətta ölü heyvanların ətləri də bəzən dana əti adı altında satışa çıxarılır. İstehlakçılar aldadılır. Yaklardan əldə olunan ət və ya süd məhsullarının üzərində “yak əti”, “yak südü”, “yak pendiri” etiketi vurulacaqmı? 
  Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov “Şərq”ə açıqlamasında qeyd etdi ki, yak təsərrüfatlarında yetişdirilən heyvanlar bildiyimiz anquslardır: 
- Anqus əti hazırda bütün dünyada məşhur restoranlar şəbəkəsi “steak hous”ların əsas ərzaq növüdür. “Steak hous”larda əsasən anqus əti təklif olunur. Bu restoranlar anqus ətinin əsas alıcıları və istehlakçılarıdır. Steak hazırlanmasında istifadə olunan ətlərə “mərmər ət” də deyilir. Yağlı tikələrdir, məsamələr arasında yağ toxumaları olur, görünüşü mərməri xatırladır. Yaponiyada bu cür ət “kobe” adlanır. Çox bahalı ətdir, kiloqramı təxminən 600 dollardır. Türkiyədə də hazırda "steak hous"lar geniş yayılıb. Anlaşılsın deyə, belə izah edim ki, "steak" ətlər bir növ can ətini xatırladır. Amma bizim bildiyimiz heyvanlarda can ətinin miqdarı az olur deyə, onlardan restoranlarda istifadə etmək sərfəli deyil. Nə qədər xırda və ya iribuynuzlu heyvan əti alınmalıdır ki, oradan can ətini ayırıb “steak” hazırlasınlar? Bu, sərfəli olmadığ üçün bütün dünyada restoranlar şəbəkəsi daha çox xalis ət əldə edilən anqus ətinə üstünlük verirlər. Hazırda “steak houslar”a tələbat artmaqdadır, ona görə də anqusların ölkəmizdə də bəslənməsi müsbət haldır. 
  A.Salamov qeyd etdi ki, məsələ yalnız bu heyvanların nəylə qidalanacağıdır: 
- Əgər bildirildiyi kimi anquslar təbii otlarla qidalanacaqlarsa, əlbəttə, yaxşıdır. Bu, ətin qida dəyərini artırır. Yox əgər onlara süni yemlər veriləcəksə, tez kökəlsinlər, tez artım olsun deyə, bu artıq anqus ətinin keyfiyyətinin mənfiyə doğru dəyişməsinə səbəb olacaq. Bilirsiniz ki, hazırda dünyada süni ət istehsalı da həyata keçirilir. Süni ət sintetik bir məhsuldur, tərkibində B12 vitamini yoxdur və insan orqanizminə hər hansı faydası ola bilməz. Anqus əti də dietikdir, dana əti kimi. Xırda buynuzlu heyvanların (qoyun, quzu) ətində yağlılıq faizi artıqdır. Kalori dərəcəsi yüksək olduğuna görə bu ət yaşlılara, müəyyən sağlamlıq problemləri olanlara məsləhət görülmür. Təbii ki, anqusların bəslənməsi həm də biznes xarakterlidir. Az yem tələbatı ilə çox ət verəcəklər. Lakin mən bu fikrimdə qalıram ki, ilk növbədə biz yerli ətlik heyvan təsərrüfatlarını inkişaf etdirməliyik. Hər xalqın yerli şəraitə uyğunlaşmış öz qida rasionu var. Azərbaycanda tələbat xırdabuynuzlu heyvanlara və dana ətinədir. Bizim insanımız bu qidalara vərdiş edib. Marketlərdə üzərində “anqus əti” yazılmış ət məhsulunu görəndə alıcı ona əl uzadacaqmı, müəmmalıdır. Ümumilikdə götürdükdə, bizim əhali xarakterik olmayan qidalara şübhə ilə yanaşır. Baxmayaraq ki, paytaxtda “steak hous”lar dəb halını almaqdadır, yerli əhalinin tələbatı yenə də quzu-dana ətinədir. Ona görə də yerli heyvan növlərinin artımına çalışmaq, yerli təsərrüfatları inkişaf etdirmək lazımdır.