Qarabağda RİSK:“Tezliklə antiterror əməliyyatları...”- Sensasiya! 

“Azərbaycan tərəfinin hesablamalarına görə, ərazimizdə 10 minə qədər erməni hərbçisi var, bu isə Üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır”.
Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan süjetdə məlumat verilir.
Bildirilir ki, Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin, tərkibində Ermənistan vətəndaşlarının da olduğu hərbiləşdirilmiş dəstələrlə birlikdə Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisində qeyri-qanuni qalmaqda davam etməsi ilə bağlı dəfələrlə bəyanat verib.

“Redaksiyamıza daxil olan və Ermənistan hərbçilərinin Xocalıda hərbi poliqonda döyüş atışları həyata keçirdiyini təsdiqləyən yeni görüntüləri abunəçilərin diqqətinə təqdim edirik”, - deyə kanaldan bildirilib.

Məsələyə münasibət bildirən hərbi ekspert Alparslan İmamqulu "Sherg.az"a bildirib ki, erməni qeyri-qanuni silahlı dəstələrinin Azərbaycan ərazisini öz xoşlarına tərk etmələrini gözləmək sadəlövhlük olar:

"Onların torpaqlarımızdan çıxarılmasına yeganə yolu güc vasitəsiylədir. Biz tarix boyu bu istiqamətdə çətinliklər yaşamışıq. Yəni hər dəfə nəticə dəyişməyib. Bu gün Azərbaycan ərazisində Rusiya tərəfindən dəstəklənən və yetişdirilən terrorçular var. Bu isə böyük bir riskdir. Biz həmin riski doğru qiymətləndirməli və tədbirlər görməliyik. Görüləcək ilkin tədbirlərin başında isə antiterror əməliyyatlarının tezliklə keçirilməsi dayanır".

Ekspert əlavə edib ki, antiterror əməliyyatları hər zaman keçirilə bilər:

"Xüsusən də yay aylarında bölgədə maskalanma və separatçı qüvvələrin fəallığı artır. Azərbaycan da öz təhlükəsizliyini təmin etmək üçün antiterror əməliyyatlarının başladılmasına məcbur qala bilər. O ki, qaldı görüşlərə, Ermənistan hər zaman olduğu kimi verdiyi sözlərə riayət etmir. Ona görə də onlara etibar etmək olmaz. Ümumiyyətlə qarşılıqlı görüşlərin keçirilməsinin terrorçu qrupların risk faktoru olaraq qalmasına təsir göstərəcəyini düşünmürəm. Biz hər şeyə daim hazırlıqlı olmalıyıq".