Rusiya Qarabağ ermənilərinin geri qayıtmasını istəyir: GİZLİNLƏR AÇILIR 

Çünki Xankəndidə qalan ermənilərin sayı sülhməramlıların bölgədə qalıb-qalmamasının Bakı ilə müzakirəsinə belə bəs etmir


  Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti sülhməramlı kontingentin Qarabağdan çıxarılmasının vaxtını müzakirə etmək üçün İrəvana səfər edəcək. Bu barədə TASS-a diplomatik mənbəyə istinadən məlumat yayıb. Məlumatda qeyd olunub ki, Ermənistan tərəfi ilə görüşdə Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının konkret tarixləri müzakirə olunacaq. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyinin sülhməramlılarla bağlı müzakirə aparmaq üçün İrəvana nümayəndə göndərməsi məsələsi müəmmalıdır. Çünki Rusiya Prezidenti Vladimir Putin də “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı sülhməramlıların Azərbaycan ərazisində olduğunu demişdi. Ermənistan tərəfi bununla bağlı yayılmış xəbərləri təkzib edib.
  Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında deyib ki, Rusiyanın sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasının vaxtını Ermənistanla müzakirə etməsinin heç bir məntiqi izahı yoxdur. Ekspertə görə, burada Rusiyanın iki mümkün məqsədi ola bilər:

"Moskva İrəvandan Ermənistana gedən ermənilərin müəyyən hissəsinin Qarabağa qayıtmasını təmin etməsini istəyə bilər. Xankəndidə qalan ermənilərin sayı sülhməramlıların bölgədə qalıb-qalmamasının Bakı ilə müzakirəsinə belə bəs etmir. Ruslar sayı artırıb danışıqlara gəlmək istəyir. Son proseslərdən sonra ermənilərin ruslara inamı qalmadığı üçün onları buna yalnız İrəvanın inandırması mümkündür. Digər yandan Moskva sülhməramlılarını bölgədən çıxarmamışdan öncə buna görə günahı Paşinyan hakimiyyətinin üzərinə yıxmaq, çıxdıqdan sonra "Ermənistan edə bilərdi. Amma etmədi" deyə bilmək üçün bu informasiyanı dövriyyəyə buraxıb. İrəvanın bu informasiyanı təkzib etməsi anlaşılandır, çünki bunun qəbul edilməsi sülh danışıqlarını arxa plana atır. Ermənistanı ittiham altına salır və Paşinyanın hazırda sığındığı Qərb tərəfdaşlarını oyundan kənarlaşdırır. Ancaq İrəvanın imtina etməsi Bakının sülhməramlıları daha tez çıxarmaq imkanını artıran məqamdır. Rusiya da buna görə Paşinyanı günahlandıracaq".