Həvva Məmmədova: Ağdərəyə yeni nəfəs verildi 

O vaxtlar bu rayon anarxiyanın, dərəbəyliyin, intriqanın və hərc-mərcliyin qurbanı oldu


  Azərbaycanda Ağdərə rayonu yenidən bərpa edilir. Bununla bağlı Milli Məclisə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi daxil olub. Layihəyə əsasən, rayonun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil edilir. Qeyd edək ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi 1992-ci ildə ləğv olunub və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünüb. 1993-cü il iyulun 7-də Ağdərə rayonu ermənilər tərəfindən işğal olunub. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin antiterror tədbirləri nəticəsində Ağdərə Azərbaycan nəzarətinə qayıdıb. Prezident İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb. Əksəriyyət hesab edir ki, Ağdərə rayonunun ləğv olunması ilə bağlı heç bir hüquqi əsas yox idi. O dövrdə Azərbaycanda baş alıb gedən anarxiya, dərəbəylik, qanunsuzluq və hərc-mərclik səbəbindən bu rayon ləğv olunmuşdu. Yəni Ağdərə rayonu həmin dövrdə respublika rəhbərliyində təmsil olunan bir-iki nəfərin şəxsi prinsipləri və iddiası ilə ləğv edilmişdi.
  
Məsələ barədə "Sherg.az"a danışan keçmiş millət vəkili Həvva Məmmədova da bunu təsdiqləyib. Sabiq deputat vurğulayıb ki, Ağdərə rayonunu ləğv etmək üçün zərurət yox idi:
 "Ağdərənin ləğv olunması yanlış qərar idi və hansı əsaslarla verilməsi də aydın deyildi. Ağdərə rayonu ləğv olunandan, əraziləri bir neçə qonşu rayonlara verildikdən sonra rayon camaatı parçalandı, digər rayonlara səpələnərək bir növ assimilyasiya oldular. Mən millət vəkili olarkən parlamentdə Ağdərə rayonunun bərpa olunması ilə bağlı 3 dəfə məsələ qaldırmışam. Ermənilər onsuz da bizim müxtəlif bölgələrdə tarix boyu yaşadıqlarımızı danırdılar. Uydurma faktlarla, yalanlarla isbat etməyə çalışırdılar ki, Ağdərədə azərbaycanlılar yaşamayıb və s. Biz Ağdərəni rayon kimi ləğv etməklə özümüz öz əlimizlə ermənilərin əlinə əsas verirdik ki, sərsəm iddialarını davam etdirsinlər. Vaxtı ilə, yəni işğal olunanadək Ağdərədə azərbaycanlılar yaşayırdı. Ancaq işğaldan sonra ermənilər rayonun adını dəyişdirdilər və qondarma "Mardakert" adı ilə orada yaşamağa başladılar. Biz isə artıq rayonun statusunu ləğv etmişdik. Ona görə də Ağdərə rayonunun bərpası ilə bağlı qanun layihəsinin Milli Məclisə daxil olması həm təqdirəlayiqdir, həm də çox vacib məsələdir".
 
 Parlament üzvü də vurğulayıb ki, Ağdərənin ləğvi ilə bağlı heç bir hüquqi əsas yox idi: 
"Kiminsə kiməsə qarşı intriqası var idi. Ümumiyyətlə, 1992-ci ilin ab-havasını xatırlasaq görərik ki, çox ağır zamanlar yaşayırdıq. Xocalı soyqırımı törədilmişdi, Qaradağlı, Meşəli və digər ərazilərimiz işğal olunmuşdu. Həmin faciələrin içərisində işğalla, əhalinin ağır problemləri ilə məşğul olmaq əvəzinə, Ağdərənin satusunu ləğv etdilər. İndiki halda bu qərarın verilməsi həm də ona görə zəruri idi, insanlar 30 il həsrətdən sonra öz yurdlarına, anadan olduqları, illərlə yaşadıqları Ağdərəyə köçmək istəyəcəklər".