Hasan Oktay: Lavrovun açıqlamaları, geopolitik şahmat taxtasını xatırladan çoxqatlı mesajlar daşıyır

Zelenskinin təklifini dəstəkləyir" məzmunlu iddiası isə Türkiyəni Rusiya ilə birgə təhlükəsizlik addımları atmağa təhrik etmək və onu Avropa İttifaqından uzaqlaşdırmaq məqsədi daşıyır

Rusiya-Ukrayna müharibəsi uzandıqca dünya ölkələrinin tutduğu mövqe rəsmi dairələrin diqqət mərkəzinə çevrilir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyə ilə bağlı son bəyanatı beynəlxalq mətbuat tərəfindən Moskvanın geostrateji xəbərdarlığı kimi şərh olunub. Nazirin sözlərinə görə, Türkiyə Avropa İttifaqı ilə münasibətləri inkişaf etdirməyə çalışsa da, təşkilata heç vaxt üzv qəbul edilməyəcəyini yaxşı anlayır. Lavrov Türkiyənin Aİ perspektivini qiymətləndirdikdən sonra, Ankaranın Ukrayna-Rusiya müharibəsindəki mövqeyinə diqqət çəkib. Diplomat bildirib ki, Ukrayna ordusu Türkiyə gəmilərinə və Xəzər Boru Kəməri Konsorsiumunun infrastrukturuna hücum etsə də, Ankara bu əməllər qarşısında susmağa üstünlük verib. S.Lavrov onu da qeyd edib ki, Türkiyənin xəbərdarlığından sonra Zelenski yalnız Rusiya ilə əlaqəsi olmayan gəmilərə hücumları dayandıracağını vəd edib. Nazir Türkiyəni bu vədlə razılaşmaqda günahlandırıb. Rusiya və Türkiyənin birgə iqtisadi layihələrindən danışan diplomat, Qara dənizdəki gərginliyin kökündə Ukraynanın dayandığını çatdırmağa çalışıb. O, türkiyəli tərəfdaşların Qara dənizin təhlükəsizliyini təmin etmək üçün Rusiya ilə razılaşma əldə etmək istədiklərini, lakin Kremlin hələlik buna razılıq vermədiyini bildirib. Rəsmi Moskva Lavrovun dilindən Türkiyəni ikitərəfli münasibətlər və regional təhlükəsizlik məsələlərində vahid mövqedən çıxış etməyə səsləyib.

Mövzu ilə bağlı Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hasan Oktay Sherg.az-a bildirib ki, Sergey Lavrovun bu açıqlamaları, geopolitik şahmat taxtasını xatırladan çoxqatlı mesajlar daşıyır:

“Ankaranın Qara dənizdə sabitlik və təhlükəsizliyi prioritet tutduğunu bilən Moskva bir tərəfdən "Rusiya ilə əməkdaşlıq etmədən regionda tam sabitlik mümkün deyil" mesajını ötürür, digər tərəfdən isə özünün həlledici rolunu xatırlatmaqla, Türkiyəyə təzyiq göstərir. Moskva Xəzər və Qara dənizdə ABŞ kimi kənar güclərin varlığını təhlükə sayır. Ona görə də Rusiya xəbərdarlıq edir ki, regionda təhlükəsizlik arxitekturası yalnız Xəzəryanı dövlətlərin Moskva ilə konsensus əldə etməsi çərçivəsində mümkündür. Lavrovun məqsədi Ukrayna və Qərbi qaydaları pozan tərəf kimi qələmə verməkdir. Rusiya isə burada regional təhlükəsizliyi qorumaq istəyən, lakin qarşı tərəfin güzəştə getməməsi və Qərbin reaksiyasızlığı səbəbindən əli-qolu bağlanan tərəf kimi göstərilir”.

Politoloq Ukrayna-Rusiya müharibəsi fonunda Qara dənizdə cərəyan edən gərginliyə toxunub:

“Türkiyə Qara dənizin təhlükəsizliyini qorumaq üçün Montrö Boğazlar Konvensiyasını effektiv şəkildə tətbiq edir. Həm Ukrayna, həm də Rusiya ilə dialoq kanallarını saxlamaqla balanslı siyasət yürütməyə çalışır. Bu Konvensiya, hərbi gəmilərin Qara dənizə giriş qaydalarını və orada maksimum neçə gün qala biləcəklərini nizamlayan əsas hüquqi sənəddir. Montrö Konvensiyası Rusiya-Ukrayna müharibəsi kontekstində böyük əhəmiyyət qazandı. Türkiyə 2022-ci ilin fevralında Konvensiyanın 19-cu maddəsinə əsasən, tərəflərin hərbi gəmilərinin boğazlardan keçidini məhdudlaşdırdı. Lavrovun "Ankara Zelenskinin təklifini dəstəkləyir" məzmunlu iddiası isə Türkiyəni Rusiya ilə birgə təhlükəsizlik addımları atmağa təhrik etmək və onu Avropa İttifaqından uzaqlaşdırmaq məqsədi daşıyır”.