İş yeri dəyişdirilən imam məscidin həyətindəki ağacları kəsdi

Türkiyədə başqa bölgəyə təyinat alan məscid imamı qəribə hərəkət edib.

Mynet.com-un xəbərinə görə, 11 ildir Konyada məscid imamı olan Nurullah K. camaatın şikayəti əsasında muxtar tərəfindən başqa yerə təyin edildikdən sonra məscidin həyətindəki 17 ağacı kəsib.

Məlumata görə, imam “özüm əkmişdim, özüm də kəsdim” deyərək ağacları doğrayaraq aparıb.

Camaat arasında nifaq saldığı üçün şikayət olunan imam Nurullah K. isə iddiaları qəbul etməyib və ağacları elektrik xətlərinə dəydiyi üçün kəsdiyini bildirib.

Məhəllənin muxtarı imamın bu hərəkəti bilərəkdən etdiyini deyib və əlavə edib ki, əgər elektrik xətlərinə görə kəssəydi, daha əvvəl kəsərdi. İmam isə təyinatının verildiyi günün səhəri ağacları kəsib.