Bu da dəniz avtomobili...

Görənlər heyran qaldı, sifarişçilər növbəyə dayanıb

“Anadolu” agentliyinin xəbərinə görə, Türkiyədə avtomobil görünüşlü dəniz maşını istehsal edilib. Dəniz maşını Antalyada gəmi sənayesində çalışan iş adamı Fərid İşlər tərəfindən istehsal edilib. “Jetcar” adlı dəniz maşını görənlərin marağına səbəb olur. “İnsanlara inanılmaz görünürdü, amma biz bacardıq və istehsal etdik”, deyən Fərid İşlər qeyd edib ki, dəniz maşınına bütün Orta Şərqdən hazırda böyük tələbat var. Dəniz maşınının istehsalçısı təkcə Fərid İşlər deyil. Onlar üç dostdur.  Manavgat bölgəsində şirkət qurub, “Yetcar”ın istehsalına başlayıblar. Misirli ortaqları ilə bu ölkədə fabrika açaraq Orta Şərqə istiqamətlənməyi hədəfləyirlər. Fərid İşlər 28 il gəmi sənayesində çalışıb. İki il əvvəlsə dostlarıyla su üzərində hərəkət edən maşın istehsal etmək fikrinə düşüblər.

Sxem qurublar, texniki məsələləri icra ediblər. Onlar çalışdıqca ətrafdakıların baxışları da müsbətə doğru dəyişib və belə bir maşının ərsəyə gələcəyinə inam artıb. Əsası gəmi mexanizmi üzərində qurulan, xarici görünüşcə isə avtomobil olan dəniz maşınının su üzərində üzə biləcəyinə inanmayanlar da olub. Nəhayət, dəniz maşını suya salınıb hərəkət etdirildikdə insanlar gördüklərinə heyran qalıb. İndi bu dəniz maşınına sahib olmaq istəyənlərin sayı hər gün artır. Sosial mediadakı paylaşımlara da çoxlu rəylər yazılır, bəziləri görüntülərin fotomontaj olduğunu belə düşünür. Amma bu, bir gerçəkdir. Bugünədək 28 “Jetcar” istehsal edilib. Hazırda bu dəniz maşınlarından Misir, Avropa ölkələri, Rusiyada istifadə olunur. F.İşlər dəniz maşınının getdikcə daha da təkmilləşəcəyini deyib: “istəyirik, maşınımız həm suda, həm də quruda hərəkət etsin. Bunun üçün dəniz maşınına təkərlər əlavə edəcəyik. Təkərlər, eynən təyyarələrdə olduğu kimi bağlanıb-açılan olacaq. Dənizdə bağlanacaq, quruda açılacaq. Dəniz maşını suda avtomobil sürmə hissiyyatı yaşadır. Əcaib bir duyğudur. Sanki avtomobil yolunda suyun üzəri ilə hərəkət edirsən. Maşını idarə edənlər çox böyük adrenalin duyğusu yaşayır”.