Dünyanın ən dərin hovuzu - FOTOLAR

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) dünyanın ən dərin hovuzu olan “Deep Dive Dubai” açılıb. Dubayın “Nad Al Sheba” bölgəsində yerləşən hovuz 60 metr dərinlikdədir və 6 olimpiya üzgüçülük hovuzuna bərabər 14 milyon litr su tuta bilər.
“Sherg.az” türk mediasına istinadən bildirir ki, hovuz müştərilərin yeni bir dünya kəşf etməsinə imkan verən sualtı şəhəri ilə diqqət çəkir.
“Deep Dive Dubai”nin ən diqqət çəkici xüsusiyyətlərindən biri də batmış şəhərdir. Müştərilər tərk edilmiş bir küçə, mənzil, qaraj və digər maraqlı xüsusiyyətlərlə tamamlanan bir sualtı dünyasını kəşf edə biləcəklər. Bundan əlavə hovuza gələnlərə pulsuz olaraq üzmə və müxtəlif kurslar yazılma imkanları təqdim ediləcək.
“Deep Dive Dubai”nin digər xüsusiyyətləri arasında iki sualtı yaşayış sahəsi və hovuzun bütün bucaqlarını əhatə edən 56 sualtı kamera, sualtı səs və işıqlandırma sistemi yer alır. Səlahiyyətlilər hovuz suyunun 6 saatdan bir süzüldüyünü və temperaturun 30 dərəcədə sabit qaldığını açıqlayıb. Məkanda media redaktə otağı və video divar ilə birlikdə bölgənin ən böyük sualtı film studiyası da yerləşir.