Türkiyə tarixində ilk yaşandı

Mustafa Kamal Atatürkün polad heykəli 6 aya tamamlanıb

Bursada metaldan sənət nümunələri hazırlanan atelyenin sahibi Rıdvan Sevim Mustafa Kamal Atatürkün frak geyimli, qara perelinli (qolsuz iri yaxalıqlı üst geyimi) və silindrli fotosunu olduğu kimi polad heykələ köçürüb. “Şərq” “Milliyet.com.tr”yə istinadən bildirir ki, belə bir heykəl Türkiyə tarixində ilkdir. Bundan əvvəl də R.Sevim bir çox sosial layihələrdə iştirak edib, metal heykəllər düzəldib. 

Atatürkün heykəlini də modern sənət üsulu ilə hazırlayıb.  Heykəlin hazırlanmasında parlaq və paslanmayan poladdan istifadə edilib. 2 metrə yaxın hündürlükdə, 1700 kiloqram ağırlığında polad heykəl 6 ayda tamamlanıb. R.Sevim deyib ki, illərdir Mustafa Kamal Paşanın heykəlini düzəltməyi planlaşdırırdı, amma bu heykəlin indiyədək hazırlananlardan, mövcud olanlardan tamam fərqli görünməsini istəyib və bunun üzərində düşünüb: “Qərara aldım ki, Qazi Mustafa Kamal Paşanın heykəlini modern üslubda hazırlayım. Çünki Atatürk deyincə, ağla gələn məhz yenilikçilik olur. Əsas məsələlərdən biri də hazırlanacaq heykəlin Atatürkün heybətini də əks etdirməsiydi. 3 ay yarım heykəlin eskizini hazırladıq. Pelerindəki dalğalar, parçanın qatları, şalvarının ütü xətti, Atatürkün yerişi, dik duruşu... hər şey olduğu kimi görünməliydi. Heykələ baxanlar bunları görməliydi. Heykəlin hazırlanmasında 5 mm.lik paslanmayan inoks lövhələrdən istifadə etdik. Heykəl 190 parçadan ibarətdir. 1 ton 700 kiloqram ağırlığındadır. 6 ay ərzində işi tamamladıq. Polad lövhələr Atatürkün əzəmətini məncə, əks etdirə bilib. Möhtəşəm görünür”. R.Sevim deyib ki, Atatürkün başqa heykəllərini də hazırlayacaq. Buna “heykəllər seriyası” da demək mümkündür.