50 kiloqramlıq kələm! 


Ömər ötən il 100 ton məhsul satıb

Türkiyənin Elazığ bölgəsində ləzzəti və böyüklüyü ilə məşhur olan “kəsrik kələmi yetişdirilir. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, yerli “kəsrik” sortunu yetişdirən Ömər Yurdabak becərdiyi tərəvəzlə  qürur duyur. Müştəriləri də həmçinin. Ömər Yurdabak yetişdirdiyi kələmlər üçün hətta xarici ölkələrdən – Ukrayna, Belçikadan da sifarişlər alır. Ö.Yurdabakın təsərrüfata bağlanmasının da maraqlı tarixçəsi var. 

Fermer 17 il əvvəl inşaatda çalışırmış. Amma dədə-baba məsləyinə geri dönüb, kənd təsərrüfatı, əkinçiliklə məşğul olmağa başlayıb. Hazırda Ö.Yurdabak 30 hektarlıq ərazidə tərəvəz yetişdirir. Xüsusilə də Elazığın məşhur “kəsrik” kələminin becərilməsinə maraq göstərir. 

İldə təxminən 100 ton məhsul əldə edir. Yetişdirdiyi kələmlərin çəkisi 10-50 kiloqram olur. Müştərilər də bu cür tərəvəzi almağa can atır, becərən, satan da razıdır, alıb istifadə edən də. “Deyirlər, Kəsrik məhəlləsində belə kələm yetişdirmək hər igidin  işi deyil. 

Amma mən bunu bacardım. 30 hektar ərazidə kələm əkirəm. Ötən il 100 ton məhsul satmışam. Bu il də eyni rəqəmin olacağını gözləyirəm. Bu il iqlim quraq keçdi. Əvvəlki illərdə 10 gündən bir bostan suvarırdım, amma bu il 6 gündən bir suvarmağa məcbur idim. Çünki havalar çox isti idi. Kələm kimi tərəvəzlər mülayim, sərin havanı sevir. Yenə də yaxşı becərə bildik. 50 kiloqramlıq kələmlərin müştəriləri fərqlidir. 

Biz bostandan toplayırıq, müştərilər də gəlib maşınla aparır”, deyən Ö.Yurdabak kələmin qiymətinin çəkisinə görə 2-3 tl arasında dəyişdiyini söyləyib.