Harri və Meqan Markl qızlarını göstərdi

Lili kraliçanın 11-ci nəvəsidir

İngiltərə şahzadəsi Harri və həyat yoldaşı Meqan Markl körpə qızlarının ilk fotosunu paylaşıb. Valideynlərinin Lilibet – Lili adını verdiyi körpə 2021-ci il iyunun 4-də ABŞ-da, Santa-Barbaradakı Santa Barbara Cottage Xəstəxanasında dünyaya gəlib. Məlumdur ki, şahzadə Harri həyat yoldaşı ilə İngiltərə Kral sarayından ayrılaraq ABŞ-da məskunlaşmağı və müstəqil həyat sürməyi üstün tutmuşdular. 

Buna görə kraliça II Yelizavetanın nəvəsindən incidiyi də bəlli idi. Lakin Harri və Meqan körpələrinin adını məhz kraliçanın adına uyğunlaşdırıblar; Lilibet. Körpənin bütöv adı isə Lilibet Diana Mountbatten-Windsordur. İlk dəfədir ki, Lilinin fotosu 2 yaşlı qardaşı Archie ilə birgə yayılır. Foto kral ailəsinin Kaliforniyadakı evində çəkilib. Harri və Meqan fotoya bu sözləri əlavə edib: “Bu il qızımız Lilibetin dünyaya gəlişini sevinclə qarşıladıq. Arçinin sayəsində ana və ata, Lilinin sayəsində isə ailə olduq”. Lili kraliça II Yelizavetanın 11-ci nəvəsidir.