İnanılmazdır... - 12 yaşında filmdən təsirləndi


Fransız Tarzan indi göydələnlərə dırmaşmaqla məşhurlaşıb

  Ən sərt havalarda yalın ayaqla gəzən, budaqdan budağa, bir ağacdan digərinə atlanan, göydələnlərə dırmanan Leo Urban (Leopold Hurbin) fransız Tarzan kimi məşhurlaşıb. Sosial şəbəkələrdə yayımlanan videoları isə izləyənlərin nəfəsini “kəsir”. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, fransız Tarzanın maraqlı həyat hekayəsi var. Leo Urban 1994-cü ildə Fransada dünyaya gəlib. Ailəsi sonra Andorraya köçüb və göl kənarında məskunlaşıblar. Göl kənarında yaşaması Leonun təbiətlə iç-içə böyüməsinə səbəb olub. Kiçik yaşlarından ağaclara dırmanmağı, sahilboyu sürətlə qaçmağı vərdişə çevrilib. Böyüdükcə vərdişləri daha da sabitləşib. Təbiətdən zövq almaqla yanaşı, təbiəti ram etməyi də öyrənib. 28 yaşlı Leo hazırda sosial medianın gündəmindədir və fransız Tarzan kimi tanınır. Amma Leonun tarzanlığına səbəb məşhur Amerika filmi Tarzanın qəhrəmanı olmayıb. Leo 12 yaşındaykən Fransa istehsalı “Yamakasi: Modern zamanların samurayları” filmini izləyib və öz gələcəyinə qərar verib. Bu filmdə gənclər ağaclara dırmanır, yüksəkliklərə rəğmən risk alaraq ölümə meydan oxuyurdular. Bu səhnələr gənc Leonun hafizəsində yer eləyib və o, fiziki güc və dayanıqlıq vərdişini inkişaf etdirən idman növüylə məşğul olmağa başlayıb. Bu qərarı onu dünya miqyasında fenomenə çevirib. Leo hər gün saatlarla fiziki hərəkətlər edib, idmanla məşğul olub. Meşədə, dağlarda, müxtəlif yüksəkliklərdə məşqlər edib. Bu gün sahib olduğu vərdişlərə həm də bəzi heyvanları kənardan izləməklə nail olub. “Heyvanları çox sevirəm və onlardan çox şey öyrənirəm. Heyvanların hərəkətlərini izləmək harada necə davranmalı olduğumu mənə öyrədir” söyləyən Leo Urban kiçik yaşında qəza da keçirib. Təhlükəli hərəkətlər edərkən yıxılıb, iki biləyi, dişləri, həm də körpücük sümüyü qırılıb. Başına gələnlərdən qorxub çəkinməyib, əksinə, bir daha səhv etməməyi öyrənib. Leo Urban hazırda Avropanın ən yüksək qalalarına yalın əl və ayaqla dırmanan idmançıdır. Bunlar asan başa gəlmir. Məsələn, Barselonadakı Glories Qalasına dırmanmaq üçün 5 il hazırlaşıb. Hazırda fransız Tarzanın instaqram izləyicilərinin sayı 674 min nəfərdir. Leo “ən yaxşı ayaqqabı, ayaqlarımızdır. Yalın ayaqla gəzməyin, qaçmağın çox faydaları var. Ayaqqabılarını at və bunun dadını çıxar”, - deyib.