Evlənmədi, öz yolunu seçdi


Südçü xanım Səma indi öz biznesini qurub

  Səma Mihaliç, Əskişəhərin sevilən gənc xanımıdır. Daha ona elçilik edən də yoxdur. Çünki rədd cavabı alacaqlarını bilirlər. Səma valideynlərinin “evlən”, istəyinə hər dəfə qarşı çıxıb, şəxsi təsərrüfatını qurmaq istəyində israr edib. Sonunda ailəsi qızın iradəsinə tabe olub. Səmanın atası elçi düşənlərə “telefon nömrəsini  verirəm. Özünüz danışın, bacarırsanız, yola gətirin “, deyib. 

Amma Səmanı kimsə arzusuna çatmaq üçün addım atdığı yoldan döndərə bilməyib. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, Səma Mihaliç 1999-cu ildə Türkiyənin Əskişəhər bölgəsində, Təpəbaşı əyalətinin Əyrigöz kəndində dünyaya gəlib. Ailəsinin kiçik təsərrüfatı vardı. Səma orta təhsilini şəhər mərkəzindəki məktəbdə bitirib. Ardınca liseyə qəbul olunub və turizm-hotelçilik bölümünü bitirib. Liseydə təhsil aldığı illərdə toylara, müxtəlif tədbirlərə təşkilatçılıq edərək maddi ehtiyaclarını qarşılamağı bacarıb. Karyera qurmağa çalışıb. Bir müddət Təpəbaşı Bələdiyyəsində işləyib. Bələdiyyədə işləyərkən ətraf mühitin qorunması layihələrinə qatılaraq kağız tullantılarının toplanmasında iştirak edib. Şəhər həyatı ona cazibədar görünmədiyindən kəndə qayıdıb və şəxsi təsərrüfatını qurmağa başlayıb. Ailəsi Səmanın kənddə qalıb heyvandarlıqla məşğul olmasını istəməyib.

 Amma bu, Səmanın gələcək planlarına əngəl olmayıb: 

“Kəndlərdə düşüncə başqadır. Qız uşaqları yetkinlik yaşına çatdımı, ailələri onları evləndirmək barədə fikirləşirlər. Mən isə təhsilimi başa vurmuşdum. Ailəm evlənmək məsələsində mənə də çox təsir etməyə çalışdı. Ancaq mən hər dəfə bu söhbət açılanda, öz təsərrüfatımı qurmaq istədiyimi onlara deyirdim.  Ailəmiz, bir çox ailələr kimi patriarxaldı

. Qız uşaqlarının fikri, istəkləri nədir, soruşulmaz. Amma mən çox israr etdim, atam da sonunda təslim oldu”, - deyən Səma uşaqlıq illərindən heyvanları çox sevdiyini də söyləyib: “Kənddə dostum yox idi. Uşaqlığım təkbaşına keçib. Kənddə bir-iki oğlan uşağı vardı, onlar da mənimlə oynamırdı. Mən də qanqal itinin küçükləri, inək və qoyunların balaları ilə günümü keçirirdim. Ən yaxşı dostlarım heyvanlar idi. Heyvanlar, onları sevən, qulluq edən insanlara heç vaxt pislik etmir. Onlara verilən sevgini, şəfqəti insana artıqlamasıyla qaytarırlar. Bu durum heyvanları mənə getdikcə daha çox sevdirdi. Qadınların iş həyatı çətindir. İşləyən xanım daim baxımlı olmalı, saçına, makiyajına diqqət etməli, yaxşı geyinməlidir, çünki ondan bunlar tələb olunur.  Amma heyvanlar bunu tələb etmir. “Sən qadınsan, bizə qulluq edə bilməzsən” də demirlər. Mən də heyvanlar üçün işləməyi seçdim. Çünki onlar göstərilən diqqət, qulluq və şəfqətin qarşılığını daha yaxşı ödəyirlər”.  Səmanın şəxsi təsərrüfatını qurması əvvəlcə çətin olsa da, getdikcə işlər yoluna düşüb. Günə sağmal heyvanları sağmaqla başlayır, sonra da sağılmış südü paylamağa çıxır. Hazırda Səmanın təsərrüfatında 70 baş heyvan var və gündəlik 300 litr süd əldə edir. 200 litri kooperativə təhvil verib, haqqını alır, yerdə qalanını isə qapı-qapı gəzib satır. Səma kənddə südçü imicinin dəyişməsinə də səbəb olub. Gənc südçü xanımın süd satması kənd camaatının xoşuna gəlir. Səmanın işi bununla bitmir. “Çöl məktəbi” layihəsinə qatılan sahibkar xanım kənd uşaqlarının başına toplayıb, onlara təbiət, heyvanlar, təhsil almağın önəmindən də danışır. Səmanı artıq bütün kənd sevir və ona “süd carcısı”, “südçü ozan” ləqəbi verilib. Bu ad Səmanın xoşuna gəlir: “Özümü rəhmətlik Neşat Ertaşa bənzədirəm. O, çıllərin ozanı idi, mən də südçü ozanam”.  İndi Səma kənddə modern təsərrüfat qurmaq xəyalını gerçəkləşdirir.