“O mənim gözlərimə, mənsə onun əsəbi halına aşiq oldum”

Düz 28 ildir, həyat yoldaşının fotosunu cibində gəzdirdiyi cüzdanının içində saxlayır

  Türkiyənin Kocaeli bölgəsində 50 ildir kafe işlədən 62 yaşlı Şaban Temel həyat yoldaşı Elenanın fotosunu 28 ildir cibində gəzdirdiyi cüzdanının içində saxlayır. Şaban Temel həyat yoldaşı ilə aralarındakı sevgi hekayəsini belə anladır: “O mənim yaşıl gözlərimə, mənsə onun əsəbi halına aşiq oldum”. “Şərq” “Milliyet.com”a istinadən Şabanla Elenanın böyük sevgisinə işıq tutub. Ş.Temel həyat yoldaşının fotosunu nədən daim cüzdanında saxladığının səbəbini də anladıb: “Həyat yoldaşımı dəli kimi sevirəm. Onu görmədiyim zaman işlərim düz getmir, gördüyümdə də “dır-dır”ı (söylənir) bitmək bilmir. Ancaq onun yeri daim qəlbimdədir. Ona görə də fotosunu cüzdanımda gəzdirirəm. Sanki hər dəqiqə mənimlədir kimi”. Ş.Temel Kocaelinin Kartepe bölgəsində yaşayır. 5 yaşından  nənəsi ilə birlikdə çobanlıq edib, qoyun-quzu otarıb. Gəncliyində müxtəlif işlərdə çalışıb, restoranda işləyib, sonra isə kafe açaraq müştəriləri dadlı türk qəhvəsinə qonaq etməyə başlayıb.  40 yaşında  bir iş ardınca Rusiyaya gedib. Rusiyadan qayıdarkən Rumıniyada Elena adlı qadınla tanış olub. O zaman Şabanın 40, Elenanınsa 33 yaşı varmış. Elena da Şabana vurulub və onlar evləniblər. Elena 28 il əvvəl Şabana fotosunu verib. O gün bu gün, Şaban Elenanın fotoqrafını cüzdanında, “ürəyinin başında” gəzdirir. Ş.Temel deyib ki, 50 ildir kafe işlədir, ən az müştəri olan dönəm indidir: “Aylıq maaşım və kafenin gəliriylə dolanırıq. 28 ildir evliyəm. Həyat yoldaşım və oğlumla birlikdə yaşayırıq. İş yerində nə zaman darıxdım, Elenanın fotosunu cüzdanımdan çıxarıb baxıram. Bəlkə gündə 50 dəfə şəklinə baxıram. Onu görmədən əlim işə yatmır, işlərim də düz gətirmir. O üzdən şəklini daim yanımda saxlayıram”.